Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyir?
2026-cı ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510.7 milyon manatlıq, o cümlədən 14 milyard 151.8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358.9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.5 faiz, qeyri-ərzaq malları üzrə 6.7 faiz artıb.
2026-cı ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50.9 faizi ərzaq məhsullarının, 4.6 faizi içkilər və tütün məmulatlarının, 12.8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6.4 faizi avtomobil yanacağının, 4.4 faizi elektrik malları və mebellərin, 2.9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 496.9 manatlıq, o cümlədən 275.7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 221.2 manatlıq qeyri-ərzaq malları alıb.





