Bəzən həyatımıza elə insanlar daxil olur ki, əvvəlcə onları mükəmməl hesab edirik. Gözəl danışırlar, diqqət göstərirlər, özlərini qayğıkeş və fərqli təqdim edirlər. Amma zaman keçdikcə anlayırsan ki, onların sevgisində də bir şərt var, sən onları daim sevməli, tərifləməli və özündən üstün tutmalısan. Narsist insan üçün çox vaxt ən vacib olan qarşısındakı insanın hissləri deyil, özünün necə görünməsidir. O, səni dinləyirmiş kimi görünə bilər, amma əslində yalnız özünü eşitmək istəyər. Sənin uğurun onu sevindirməyə bilər, göz yaşların isə onu düşündürməyə bilər.
Ən ağrılı tərəfi isə budur ki, narsist insan bəzən səni günahkar olduğuna inandıra bilər. Sən haqlı olsan belə, özündən şübhələnməyə başlayarsan. Onun davranışlarına bəraət qazandırar, səhvlərini öz üzərinə götürərsən.Amma bir gün anlayırsan,səni sevən insan səni daim incitməz.Sənə dəyər verən insan səni kiçiltməz.Səni anlayan insan hisslərinlə oynamaz.
Heç kim başqa bir insanın özünü böyük hiss etməsi üçün kiçilməməlidir.Sənin susmağın kiminsə haqlı olduğunu göstərmir. Sənin səbrin isə kiməsə səni incitmək haqqı vermir.
Narsistlik müasir dövrdə insanların münasibətlərində tez-tez rast gəlinən davranış xüsusiyyətlərindən biridir. Narsist insan adətən özünü hər kəsdən üstün görmək, daim diqqət mərkəzində olmaq və başqalarından xüsusi münasibət gözləmək istəyir. Onun üçün ən vacib məsələlərdən biri özünün haqlı, güclü və mükəmməl görünməsidir.
Belə insanlar çox vaxt başqalarının hisslərini anlamaqda çətinlik çəkə bilirlər. Qarşı tərəfin uğuruna sevinmək əvəzinə, onu kiçiltməyə və ya özünü daha üstün göstərməyə çalışırlar. Tərif və diqqət onlar üçün olduqca önəmlidir. Lakin tənqid eşitdikdə narahat olur, hətta aqressiv reaksiya verə bilirlər.Narsistlik bəzən insanın özünəinamı ilə qarışdırılır. Halbuki özünəinamlı insan başqalarını alçaltmadan öz dəyərini bilir. Narsist davranış göstərən insan isə çox zaman özünü yüksəltmək üçün qarşısındakını kiçiltməyə çalışır.
Belə insanlarla münasibətdə ən vacib məsələ öz sərhədlərini qorumaqdır. Daim özünü izah etməyə, hər sözünə haqq qazandırmağa və ya onu dəyişdirməyə çalışmaq insanı yorub tükədə bilər. Sağlam münasibətin əsasında qarşılıqlı hörmət, anlayış və səmimiyyət dayanır.
Unutmayaq ki, heç kim başqa bir insanın özünü böyük hiss etməsi üçün kiçilməyə məcbur deyil. İnsan öz dəyərini bilməli, onu incidən və daim mənəvi təzyiq altında saxlayan münasibətlərə qarşı sərhəd qoymağı bacarmalıdır.
Özünü sevmək gözəldir. Amma özünü sevmək başqalarını dəyərsiz görmək demək deyil.
Gülşən Behbud










