Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlərdə atdığı diplomatik addımlar Cənubi Qafqazda diqqətçəkən mənzərə yaradıb. Paşinyan əvvəlcə Fransaya səfər edərək Emmanuel Makronla görüşdü, ardınca isə Moskva istiqamətində yeni danışıqlara hazırlaşır. İlk baxışdan bunlar iki ayrı diplomatik təmas kimi görünə bilər. Lakin proseslərə birlikdə nəzər saldıqda, söhbətin Ermənistanın xarici siyasət kursu ilə bağlı daha böyük seçimdən getdiyi görünür.
Paşinyanın 9-10 sentyabr tarixlərində Fransaya işgüzar səfəri Ermənistan-Fransa münasibətlərinin strateji əhəmiyyətini bir daha göstərdi. Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olundu. Paşinyanın Paris səfəri eyni zamanda Ermənistanın Avropa ilə siyasi və iqtisadi yaxınlaşma xəttini davam etdirdiyini nümayiş etdirdi.
Ancaq Paris səfərinin ardınca Moskva görüşünün aktuallaşması məsələyə başqa çalar verir. Çünki Paşinyanın Rusiya ilə münasibətləri son illərdə ciddi transformasiya mərhələsinə daxil olub. Ermənistan bir tərəfdən Avropa İttifaqı ilə əlaqələrini genişləndirməyə çalışır, digər tərəfdən isə Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrini tamamilə kəsmək niyyətində olmadığını bildirir.
Əslində Paşinyan və Vladimir Putin artıq Bişkekdə görüşüblər. Həmin görüş zamanı tərəflər Ermənistan-Rusiya münasibətlərinin gələcəyinə dair fikir mübadiləsi aparıblar. Paşinyan Putinə münasibətlərin yeni şəraitə uyğun şəkildə yenidən formalaşdırılmasının vacibliyini vurğulayıb və Moskva ilə dialoqu davam etdirmək niyyətində olduğunu bildirdi.
Putin isə Paşinyanı Moskvaya dəvət edib. Ermənistan Baş naziri də bu dəvəti qəbul edib. Kremlin sonrakı açıqlamalarından görünür ki, Moskva görüşünə sadəcə protokol xarakterli diplomatik təmas kimi baxmır. Danışıqların gündəliyində Ermənistanın gələcək inkişaf istiqaməti, Aİ ilə münasibətləri və Avrasiya İqtisadi İttifaqı ilə əlaqələri kimi məsələlərin olması gözlənilir.
Bu isə görüşün əhəmiyyətini artırır.
Rusiya üçün əsas məsələ artıq sadəcə Ermənistan-Rusiya münasibətlərinin hansı səviyyədə qalacağı deyil, Ermənistanın siyasi və iqtisadi baxımdan hansı istiqaməti seçməsi olacaq.
Moskva Ermənistanın Avropa İttifaqına yaxınlaşmasını öz maraqları baxımından ciddi məsələ kimi qiymətləndirir. Putin 1 sentyabr görüşündə İrəvanın Aİ ilə mümkün inteqrasiyası məsələsinin Ermənistanın Rusiya rəhbərliyindəki iqtisadi bloklarla münasibətlərinə təsir göstərə biləcəyinə diqqət çəkdi.
Bu baxımdan qarşıdakı Moskva görüşünü sadəcə “Putin-Paşinyan görüşü” kimi qiymətləndirmək yanlış olar. Bu, müəyyən mənada Ermənistanın gələcək xarici siyasət kursunun və Ermənistanın gələcəyinin müzakirəsi olacaq.
Paşinyanın qarşısındakı əsas problem isə seçim etməkdən daha çox, iki istiqaməti eyni vaxtda qorumaqdır.
Ermənistan Avropa ilə siyasi münasibətlərini dərinləşdirmək, Qərbdən iqtisadi və institusional dəstək almaq istəyir. Parislə münasibətlər də bu strategiyanın mühüm elementlərindən biridir.
Digər tərəfdən, Rusiya Ermənistan üçün hələ də böyük iqtisadi və enerji tərəfdaşıdır. Ermənistan iqtisadiyyatının müəyyən sahələrində Rusiya ilə mövcud əlaqələr İrəvanın Moskva ilə münasibətləri birdən-birə kəsməsinə imkan vermir.
Bu səbəbdən Paşinyanın siyasətində əsas xətt “Rusiyadan tam uzaqlaşmaq” yox, Moskva ilə münasibətləri yeni şərtlər əsasında yenidən qurmaq və eyni zamanda Qərbə açılan qapıları genişləndirmək cəhdi kimi görünür.
Paşinyanın Fransa səfərindən dərhal sonra Moskva gündəminin ön plana çıxması da diqqət çəkir.
Əlbəttə, bunu avtomatik olaraq “Paris Moskvaya qarşı” və ya “Paşinyan Rusiyaya təzyiq edir” kimi qiymətləndirmək düzgün olmaz. Ermənistanın xarici siyasəti daha çox çoxvektorlu xarakter almağa çalışır.
Lakin Moskvanın bu prosesi narahatlıqla izlədiyini də nəzərə almaq lazımdır.
Paşinyanın Parisdə Makronla görüşməsi Avropaya mesajdırsa, Moskvaya səfər Rusiya ilə münasibətlərin hələ bitmədiyini göstərmək cəhdi ola bilər.
Başqa sözlə, İrəvan hər iki tərəfə eyni anda mesaj verməyə çalışır:
Avropaya – Ermənistan Qərbə inteqrasiya prosesini davam etdirir.
Rusiyaya – Ermənistan Moskva ilə münasibətləri tamamilə dağıtmaq niyyətində deyil.
Bu proses Azərbaycan üçün də diqqətdən kənarda qala bilməz.
Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşdığı bir vaxtda Ermənistanın xarici siyasətində baş verən dəyişikliklər regiondakı güc balansına təsir edə bilər.
Əgər İrəvan Qərblə münasibətlərini daha da dərinləşdirərsə, Ermənistanın təhlükəsizlik və iqtisadi siyasətində yeni mexanizmlərin meydana çıxması mümkündür. Əksinə, Moskva ilə münasibətlərin yenidən normallaşması Rusiyanın Cənubi Qafqazdakı siyasi və iqtisadi rolunu müəyyən qədər gücləndirə bilər.
Lakin burada əsas məqam başqadır: Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi artıq təkcə Bakı və İrəvan arasında münasibətlərlə məhdudlaşmır.
Regionda Rusiya, Fransa, Avropa İttifaqı, ABŞ və digər aktorların maraqları da prosesə təsir edir.
Ən diqqətçəkən məsələ Ermənistanın Avropa İttifaqına inteqrasiya perspektivi olacaq. Kremlin açıqlamalarında artıq bu mövzunun görüşün gündəliyində yer alacağı bildirilib. Hətta Ermənistanın gələcək inkişaf istiqamətinin və bu istiqamətlə bağlı referendum məsələsinin müzakirə olunacağı açıqlanıb.
Bu səbəbdən Moskva görüşünün nəticəsini yalnız veriləcək açıqlamalarla ölçmək doğru olmaz.
Əsas sual Paşinyanın nə vəd edəcəyi yox, hansı xətti qoruyacağıdır.
Əgər Paşinyan Aİ istiqamətində irəliləmək niyyətindən geri çəkilməsə, Moskva ilə münasibətlərdə yeni gərginlik mərhələsi yarana bilər. Əgər İrəvan Avropa inteqrasiyasını yavaşlatmağa və Rusiya ilə iqtisadi-siyasi əlaqələri prioritetləşdirməyə razılaşsa, bu dəfə Qərbin Ermənistana münasibətində suallar yarana bilər.
Üçüncü və daha real variant isə Paşinyanın indiyədək üstünlük verdiyi balans siyasətini davam etdirməsidir.
Ermənistan özünü Rusiya ilə Qərb arasında yeni geosiyasi reallığa uyğunlaşdırmağa çalışır. Paşinyanın əsas məqsədi isə görünür ki, tərəflərdən birini seçməkdən daha çox, hər iki istiqamətdən maksimum siyasi və iqtisadi imkan əldə etməkdir.
Amma bunun da bir sərhəddi var.
Moskva Ermənistanın Qərbə doğru hər addımını əvvəlki kimi səssiz qarşılamaya bilər. Qərb isə İrəvanın Rusiya ilə strateji bağlarını qorumasını müəyyən həddə qədər qəbul edə bilər.
Ziyafət Əlisoy









