Məzmuna keç

İnsanın bir dostu olmalı… – Gülşən Behbud yazır

Dostluqda yaş fərqi olmur. Yaşlı, gənc əsas odur ki, ruhun yaxın olsun. Bəzən deyirlər ki, kişi ilə qadının dostluğu alınmaz. Fikirləşirəm gözlərim önünüə illər vərəqlənir. Dostlarım məndən yaşca böyük olublar, hamısı da xanımlar olub. Çox istədiyim şairlər, jurnalistlər, ictimai xadimlər də çox olub. Hər dəfə görüşəndə aramızda olan saf təbbəssüm çox şey deyir… Onlardan dəyərli ziyalılarımız Flora Xəlilzadə, Sona Vəliyeva, Zenfira Ağayeva,Vəfa Abbasova, Nəzakət Məmmədova ,dünyasını dəyişmiş Fərqanə Mehdiyeva… Az olublar. Amma dəyərli, qiymətli, unudulmaz, xatirələri əziz olublar…

İnsanın həyatda çox şeyi ola bilər,evi, işi, vəzifəsi, pulu, tanışları, ətrafında yüzlərlə insan… Amma bütün bunların içində elə bir boşluq var ki, onu nə var-dövlət, nə şöhrət, nə də böyük bir çevrə doldura bilir. O boşluğun adı dostluqdur.Elə bir dost ki, yanında özünü olduğun kimi hiss edəsən. Maskasız, rolsuz, hesabsız. Sevincini bölüşəndə sənin sevincinə öz uğuru kimi sevinsin, dərdini danışanda isə sözünü yarımçıq kəsmədən dinləsin. Bəzən heç nə demədən də səni başa düşsün.Çünki həqiqi dostluq çox danışmaq deyil. Həqiqi dostluq bəzən susaraq da bir-birini anlamaqdır.İnsan çətin günündə kimin dost, kimin sadəcə tanış olduğunu daha yaxşı anlayır. Süfrə arxasında, məclisdə, uğurun zirvəsində yanında olanların sayı çox ola bilər. Amma həyatın ağırlaşanda, hamının səndən uzaqlaşdığı bir vaxtda qapını döyən, “Necəsən?” sualını formal olaraq yox, ürəkdən verən insan varsa, deməli, sən dünyanın ən böyük sərvətlərindən birinə sahibsən.Dostluğun ölçüsü də elə budur.Sənin yaxşı günündə yanında olmaq asandır. Əsas məsələ dar günündə yanında qalmaqdır.İnsan bəzən bir sözə, bir baxışa, bir telefon zənginə möhtac olur. “Nə olub?” deyə soruşan bir səsə… “Mən buradayam” deyən bir nəfərə… Hər kəsin səni tərk etdiyini düşündüyün anda bir dostun varlığı insana yenidən güc verir.Dost odur ki, sənin haqqında başqalarının yanında yaxşı danışmaqla kifayətlənməsin. Sən səhv edəndə də səni müdafiə etmək yox, doğru yolu göstərmək cəsarəti olsun. Sənin uğuruna paxıllıq etməsin. Səndən daha yaxşı olduğunda səni kiçiltməyə çalışmasın. Əksinə, sənin yüksəlişini öz sevincinə çevirsin.Çünki dostluq rəqabət deyil.Dostluq “mən səndən nə qazanacağam?” sualı ilə başlamır. Əksinə, “sənə nə verə bilərəm?” düşüncəsi ilə yaranır.Bu gün münasibətlərin çoxunun sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. İnsanlar bir-birinə sosial şəbəkələrdə yaxın, real həyatda isə bəzən çox uzaqdırlar. Telefonlarımızda yüzlərlə nömrə, sosial şəbəkələrdə minlərlə “dost” ola bilər. Amma insanın həqiqətən dərdini danışa biləcəyi neçə nəfəri var?Bəlkə də bir-iki nəfər…Bəlkə də heç biri.Ona görə insanın çox dostu yox, doğru dostu olmalıdır.

Bir dostun olmalı ki, illər keçəndə də dəyişməsin. Araya məsafələr, zaman, iş-güc girsə belə, münasibətiniz soyumasın. Aylarla danışmasanız belə, görüşəndə sanki dünən ayrılmış kimi söhbətiniz davam etsin.Belə dostluqlar nadir olur.Çünki həqiqi dostluq zamanla yox, sınaqlarla ölçülür.Bəzən dostunun yanında ağlamağa da haqqın olmalıdır. Hər zaman güclü görünmək məcburiyyətində qalmamalısan. Çünki insanın ən böyük rahatlığı öz zəifliyini də göstərə bildiyi birinin olmasıdır.Sənin sevincini də, kədərini də bilən. Hansı mahnını sevdiyini, hansı sözə incidiyini, hansı arzunun ürəyində gizləndiyini anlayan. Sən “heç nə yoxdur” deyəndə belə, səsindəki “nəsə var”ı hiss edən.Dostluq bəzən böyük fədakarlıqlar deyil. Kiçik görünən, amma böyük məna daşıyan hərəkətlərdir.Gözləmək, dinləmək, xatırlamaq, hal-əhval tutmaq, çətin gündə yanında olmaq, uğuruna sevinmək…Və ən əsası səni olduğun kimi qəbul etmək.

İnsan həyatda çox insanla qarşılaşır. Bəziləri gəlir, bir müddət qalır, sonra gedir. Bəziləri xatirəyə çevrilir. Bəziləri isə həyatının bir parçası olur.Həqiqi dost isə sadəcə həyatının bir parçası deyil, həyatın çətin anlarında söykənəcəyin bir çiyindir.Bəzən illərin dostluğu bir yanlış anlaşılmaya qurban gedir. Bəzən insanlar bir-birini dinləmədən küsür, qürurlarına məğlub olurlar. Halbuki bəzi dostluqlar qorunmağa dəyər. Çünki həyatda itirilən hər şey geri qayıtmır.Ona görə dostunuzu itirmədən qiymətini bilin.Bir gün ətrafınızda çoxlu insan ola bilər, amma ürəyinizə yaxın bir nəfəri tapmaq çətinləşə bilər. Çünki həyat bizə hər zaman çox insan gətirir, amma həqiqi dostu çox nadir hallarda bəxş edir.Sirrini əmanət edə biləcəyi,susanda onu başa düşən, yıxılanda əlindən tutan,uğur qazanda səndən çox sevinən,səhv edəndə səni itirməmək üçün həqiqəti üzünə deyən… varmı belə dostlar…?
Və illər keçəndən sonra belə, “Yaxşı ki, varsan” deyə biləcəyin biri olmalı…Çünki insanın həyatda qazandığı ən qiymətli sərvətlərdən biri yaxşı dostdur. Pul itə bilər, vəzifə dəyişə bilər, şöhrət keçici ola bilər. Amma ürəkdən qurulan bir dostluq insanın ömrü boyu daşıdığı ən gözəl xatirələrdən birinə çevrilir.

Gülşən Behbud