Britaniyalı politoloq Aleksandr Merkuris Ukrayna prezidenti Vladimir Zelenskinin hökumətlə birlikdə Kiyevdən ölkənin qərb bölgələrinə köçə biləcəyini istisna etməyib.
Merkuris bu barədə “The Duran”ın “YouTube” kanalının efirində danışıb.
Onun sözlərinə görə, Kiyevdəki hazırkı vəziyyət hakimiyyət orqanlarının fəaliyyətini normal şəkildə davam etdirməsini çətinləşdirir.
Politoloq hesab edir ki, paytaxtda nəqliyyat infrastrukturunun getdikcə etibarsızlaşması hakimiyyətin başqa bölgəyə köçməsi ehtimalını artırır. Onun fikrincə, belə bir vəziyyətdə hökumətin ardınca Kiyev sakinlərinin bir hissəsi də şəhəri tərk edə və paytaxt əhəmiyyətli dərəcədə boşala bilər.
Qeyd edək ki, çərşənbə günü axşam “Ukrenerqo” Kiyev və Kiyev vilayətinin bəzi ərazilərində, eləcə də Çerniqov və Jitomir vilayətlərinin bir hissəsində fövqəladə elektrik enerjisi kəsintilərinin tətbiq olunduğunu açıqlayıb.
Həmin gün Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətinin Nalivaykovka yaşayış məntəqəsində yerləşən “Kiyevskaya” yarımstansiyasının vurulduğunu bildirib. Məlumata görə, yarımstansiya hərbi-sənaye kompleksinin müəssisələrinə elektrik enerjisinin ötürülməsi və paylanmasını təmin edirmiş. Digər zərbənin isə hərbi istehsalı təmin edən başqa bir enerji sisteminə endirildiyi bildirilib.










