Məzmuna keç

Bu ölkə vətəndaşlarına xəbərdarlıq etdi: Rusiya ordusuna qoşulmayın!

Hindistan Xarici İşlər Nazirliyi vətəndaşlarının Rusiyanın silahlı qüvvələrinə qoşulması ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin açıqlamasında 2022-ci ildən bu yana 227 Hindistan vətəndaşının Rusiya ordusuna qoşulduğu, onlardan 139-nun tərxis edildiyi, 51-nin isə döyüşlərdə həlak olduğu bildirilib.

Qeyd olunub ki, bəzi şəxslər maddi gəlir əldə etmək məqsədilə Rusiya ordusuna könüllü şəkildə qoşulur, daha sonra isə Hindistan hökumətinə müraciət edərək ordudan azad edilmələrini istəyirlər.

Hindistan hökuməti bu addımın təhlükəli olduğunu vurğulayaraq vətəndaşlarına Rusiya ordusuna qoşulmamağı tövsiyə edib.

Hökumət hazırda Rusiya tərəfi ilə orduda xidmət edən Hindistan vətəndaşlarının təhlükəsizliyi və vaxtından əvvəl tərxis olunması məsələləri ilə bağlı əlaqə saxlayır.