Məzmuna keç

Azərbaycan–Kamboca münasibətləri: siyasi etimaddan konkret tərəfdaşlığa

Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri iki mühüm istiqaməti vahid siyasi gündəlikdə birləşdirdi: beynəlxalq hüquqa söykənən qarşılıqlı etimadı və iqtisadi əməkdaşlığı genişləndirmək iradəsini. Prezident İlham Əliyevin mətbuata bəyanatında bu yanaşma aydın ifadəsini tapdı. İki dövlət arasında mövcud etimadın iqtisadi qərarlara, davamlı institusional əlaqələrə və humanitar təşəbbüslərə çevrilməsi üçün əlverişli zəmin formalaşıb. Coğrafi uzaqlığa baxmayaraq, qarşılıqlı maraqların belə geniş gündəlik yaratması Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində xarici siyasət imkanlarının artdığını nümayiş etdirir.
Azərbaycanla Kambocanın BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı dəstəyi münasibətlərin möhkəm siyasi əsaslara söykəndiyini göstərir. Kambocanın dəstəyi ilə Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi bu etimadın mühüm institusional nəticəsidir. Həmin platforma Azərbaycan parlamentinin Cənub-Şərqi Asiya dövlətləri ilə siyasi dialoquna əlavə imkan açır. Parlament diplomatiyasının dəyəri yalnız mövqelərin ifadəsində deyil, dövlətlərarası əlaqələrin ardıcıllığını təmin edən etibarlı ünsiyyət mühitinin formalaşmasındadır. Bu isə Azərbaycanın beynəlxalq təşəbbüslərdə iştirak imkanlarını genişləndirir.
İqtisadi əməkdaşlıqda mövcud göstəricilər tərəfdaşlıq potensialını hələ tam əks etdirmir. Prezident İlham Əliyevin diqqət çəkdiyi aşağı ticarət dövriyyəsi qarşıda duran vəzifələri aydın müəyyənləşdirir. Ticarət və investisiya üzrə birgə işçi qrupunun yaradılması, biznes forumunun keçirilməsi və ortaq istehsal müəssisələrinin təşkili imkanlarının müzakirəsi siyasi niyyətin konkret fəaliyyət mexanizmləri ilə tamamlandığını göstərir. Başlıca vəzifə sahibkarlar arasında məlumat çatışmazlığını azaltmaq, bazar imkanlarını qarşılıqlı tanıtmaq və əlaqələri epizodik ticarət əməliyyatlarından davamlı istehsal və investisiya əməkdaşlığına yüksəltməkdir. Nəqliyyat və rəqəmsal transformasiya sahələrində müzakirə olunan istiqamətlər də bu baxımdan əhəmiyyətlidir. Məqsəd yalnız ticarətin həcmini artırmaq deyil, onun uzunmüddətli iqtisadi əsaslarını formalaşdırmaqdır.
Səfərin diqqətəlayiq istiqamətlərindən biri Azərbaycanın dövlət idarəçiliyi təcrübəsinə maraqdır. “ASAN xidmət” modelinin Kambocada maraq doğurması ölkəmizin institusional yeniliklərinin beynəlxalq əməkdaşlıq üçün dəyərli təcrübəyə çevrildiyini göstərir. Vaxtilə Azərbaycanda təhsil almış yüzlərlə kambocalı tələbə isə humanitar münasibətlərin mövcud tarixi əsasını xatırladır. İdarəçilik sahəsində təcrübə mübadiləsi münasibətlərə yeni məzmun verə, təhsil və turizm əlaqələrinin genişlənməsi isə qarşılıqlı tanınmanı dərinləşdirərək siyasi tərəfdaşlığın ictimai dayaqlarını gücləndirə bilər.
İki ölkəni yaxınlaşdıran digər mühüm amil mina təhlükəsinin ağır humanitar nəticələridir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində mina partlayışları nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması problemin miqyasını ortaya qoyur. Kamboca ilə təcrübə mübadiləsi və mütəxəssis hazırlığı bu sahədə praktik əməkdaşlıq üçün mühüm imkan yaradır. Sülhün davamlılığı yalnız qarşıdurmanın başa çatması ilə deyil, insanların təhlükəsiz yaşayış hüququnun təmin edilməsi ilə də ölçülməlidir. Azərbaycan üçün minatəmizləmə eyni zamanda “Böyük Qayıdış”ın zəruri şərtlərindəndir. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra azad torpaqlarda təhlükəsiz yaşayış, iqtisadi fəaliyyət və sosial infrastruktur yenidən qurulur. Həmin ərazilərdə artıq 100 minə yaxın insanın yaşaması və çalışması bu siyasətin real nəticələrini ifadə edir.
Səfərin başlıca siyasi nəticəsi suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa qarşılıqlı hörmətin əməli tərəfdaşlıq üçün möhkəm əsas yaratmasıdır. Azərbaycan milli maraqlarına sədaqəti qorumaqla beynəlxalq əlaqələrinin coğrafiyasını genişləndirir, siyasi etimadı iqtisadi və humanitar faydaya yönəldir. Dövlətçilik prinsiplərinə əsaslanan xarici siyasətin gücü də məhz bu ardıcıllıqdadır.

Rövşən Muradov – deputat