Məzmuna keç

Yeni Azərbaycan Partiyası: tarixi məsuliyyətdən müasir dövlətçiliyin strateji hədəflərinə

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsi milli dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olmuşdur. Azərbaycanın müstəqilliyinin ciddi sınaqlarla üzləşdiyi bir zamanda formalaşan bu siyasi təşkilat ötən 34 il ərzində milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, siyasi sabitliyin qorunmasında və ölkənin strateji inkişaf xəttinin həyata keçirilməsində mühüm rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın siyasi fəlsəfəsini, tarixi varisliyini və gələcəyə istiqamətlənmiş fəaliyyət mahiyyətini ifadə edir. Bu müdrik siyasi yanaşmanın əsasında dəyişən tarixi şəraitdə milli maraqların davamlılığını təmin etmək, müstəqil dövlətçiliyi qorumaq və Azərbaycanın inkişafını ümummilli məqsəd kimi müəyyənləşdirmək prinsipi dayanır.

1992-ci ildə Azərbaycanın üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət idarəçiliyində yaşanan böhran, Ermənistanın hərbi təcavüzü və ölkənin gələcəyi ilə bağlı artan narahatlıqlar milli məsuliyyətə əsaslanan siyasi qərarın qəbulunu zəruri etmişdi. Belə bir şəraitdə Azərbaycanın 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti xalqın gələcək taleyi qarşısında nümayiş etdirilən vətəndaş mövqeyinin və siyasi iradənin ifadəsi oldu. Ulu Öndərin həmin müraciətə cavabında yeni siyasi partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirməsi qarşıda duran vəzifələrin mahiyyətini aydın şəkildə müəyyənləşdirdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı bu tarixi təşəbbüsü təşkilatlanmış siyasi qüvvəyə çevirdi. Konfransda partiyanın yaradılması haqqında qərarın qəbul edilməsi, Proqram və Nizamnamənin təsdiqlənməsi, Heydər Əliyevin yekdilliklə sədr seçilməsi müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis edilməsi tarixi zərurətdən irəli gələn məsuliyyətli seçim olmaqla yanaşı, dövlətçiliyin qorunmasına yönəlmiş siyasi birliyin institusional əsasını formalaşdırdı.

Ümummilli Lider Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirmək bacarığı Yeni Azərbaycan Partiyasının qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsini təmin etdi. Yarandığı dövrdə müxalifət partiyası kimi fəaliyyətə başlayan YAP siyasi mübarizədə konstruktiv mövqe nümayiş etdirərək dövlətçilik maraqlarını fəaliyyətinin əsas meyarı kimi qəbul etdi. Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra dövlət institutlarının möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası və müstəqil inkişaf strategiyasının müəyyənləşdirilməsi partiyanın fəaliyyətində yeni istiqamətlər açdı. YAP-ın xalqın partiyası kimi mövqeyinin möhkəmlənməsində onun müxtəlif sosial təbəqələri vahid siyasi ideya ətrafında birləşdirməsi, azərbaycançılıq məfkurəsinə əsaslanması və milli maraqları siyasi fəaliyyətin başlıca prinsipi kimi qəbul etməsi həlledici əhəmiyyət daşıdı. Partiyanın demokratik siyasi mədəniyyətin inkişafına töhfəsi isə siyasi plüralizm şəraitində dialoqun, qanunun aliliyinin, ictimai məsuliyyətin və dövlətçilik mənafelərinə əsaslanan əməkdaşlığın təşviqi ilə səciyyələndi.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitin tələblərinə uyğun inkişaf etdirilməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində strateji varisliyin davamlılığını təmin etmişdir. 2005-ci il martın 26-da keçirilən III Qurultayda İlham Əliyevin partiyanın sədri seçilməsi bu varisliyin təşkilati və siyasi əsaslarını daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərin qazanılması və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ölkənin müasir inkişaf mərhələsinin mühüm nəticələridir. Bu tarixi nailiyyətlər fonunda 2021-ci il martın 5-də keçirilən VII Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul olunması, idarəetmə strukturlarının yenilənməsi, Veteranlar Şurasının yaradılması və Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi təşkilati inkişafın əhəmiyyətli mərhələsini təşkil etdi. Partiyanın 2021-ci ildə qəbul edilmiş yeni Proqramında azərbaycançılıq, müstəqillik, dövlətçilik, sosial ədalət, demokratik ənənələr və milli maraqlar strateji prinsiplər kimi müəyyənləşdirildi. 2026-cı il oktyabrın 1-nə 769 811 nəfər üzvü birləşdirən YAP-ın təşkilati gücü onun cəmiyyətdəki geniş təmsilçiliyini göstərir. Bu böyük siyasi birliyi səciyyələndirən başlıca mənəvi meyarlar isə Vətənə bağlılıq, dövlətə sədaqət, milli maraqlara sadiqlik və ictimai məsuliyyətdir.

Yeni Azərbaycan Partiyasının 2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirən mühüm hadisə kimi yadda qaldı. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən bu qurultayda Prezident İlham Əliyevin proqram xarakterli nitqi partiyanın qarşısında duran strateji vəzifələri və gələcək fəaliyyət istiqamətlərini aydın şəkildə müəyyən etdi. Milli dövlətçiliyin daha da möhkəmləndirilməsi, siyasi və ideoloji fəaliyyətin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, iqtisadi qüdrətin artırılması, sosial rifahın yüksəldilməsi, gənc nəslin vətənpərvərlik və azərbaycançılıq ruhunda yetişdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Böyük Qayıdışın davamlılığının təmin olunması bu vəzifələrin mühüm istiqamətlərini təşkil edir. Qurultayda partiyanın Nizamnaməsinə edilmiş dəyişikliklər və rəhbər orqanlarının yenidən formalaşdırılması təşkilati idarəetmənin təkmilləşdirilməsi, siyasi fəaliyyətin səmərəliliyinin artırılması və ictimai əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xətt YAP üzvlərindən yüksək vətəndaş məsuliyyəti, prinsipial mövqe, təşəbbüskarlıq və dövlətin strateji məqsədlərinin həyata keçirilməsində fəal iştirak tələb edir. Partiyanın müxtəlif dövrlərdə keçirilmiş seçkilərdə qazandığı uğurlar və geniş ictimai dayaqları xalqın ona göstərdiyi siyasi etimadın mühüm ifadəsidir. Bu etimadın qorunması tarixi nailiyyətlərin davamlı inkişaf imkanlarına çevrilməsini, vətəndaşların maraqlarına həssas münasibəti və qəbul olunan siyasi qərarların əməli nəticələrlə təsdiqlənməsini zəruri edir. Yeni Azərbaycan Partiyasının qarşıdakı mərhələdə siyasi gücünü müəyyənləşdirən başlıca meyar Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinə sədaqətlə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir inkişaf strategiyasının vəhdətini qorumaq, milli həmrəyliyi daha da gücləndirmək və Azərbaycanın gələcək tərəqqisinə xidmət edən məqsədləri real nailiyyətlərə çevirmək olacaqdır.

Rövşən Muradov – deputat