Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı beynəlxalq münasibətlər sistemində hüquqi məsuliyyət, dövlətlərin suverenliyi və təhlükəsizlik mexanizmlərinin səmərəliliyi məsələlərinə mühüm siyasi məzmun qazandırdı. Azərbaycanın keçdiyi tarixi yolun təhlili əsasında səsləndirilən fikirlər beynəlxalq hüququn tətbiqində mövcud ziddiyyətləri, ikili standartların ağır nəticələrini və davamlı sülhün təmin olunması üçün zəruri prinsipləri aydın şəkildə ortaya qoydu.
Avropa ilə Asiyanın strateji qovşağında yerləşən Azərbaycan siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlıq imkanlarını genişləndirərək Avrasiya məkanında əlaqələndirici mövqeyini möhkəmləndirir. Ölkəmizin müstəqil xarici siyasətinin əsasını təşkil edən suveren bərabərlik, ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsipləri dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın təmin olunmasına xidmət edir. Azərbaycanın beynəlxalq müstəvidə müdafiə etdiyi əsas yanaşma hüquqi normaların bütün dövlətlərə eyni meyarlarla tətbiq edilməsini nəzərdə tutur.
Bu mövqenin siyasi və tarixi əsasları Azərbaycanın otuzillik işğal təcrübəsində aydın görünür. Ərazilərimizin təqribən 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salınması və etnik təmizləmə siyasəti beynəlxalq təhlükəsizlik sisteminin fəaliyyətindəki ciddi çatışmazlıqları üzə çıxarmışdır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrasız qalması, münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti beynəlxalq qərarlarla onların praktik icrası arasındakı uyğunsuzluğun bariz nümunəsidir. Avropa Parlamenti və Avropa Şurasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi yanaşmalar da Prezidentin çıxışında bu siyasi ədalətsizliyin tərkib hissəsi kimi qiymətləndirilmişdir.
Ermənistan rəhbərliyinin 2019-cu ildə səsləndirdiyi ərazi iddiaları və hərbi təhdidlər, 2020-ci ilin iyul-avqust aylarında törədilən təxribatlar bölgədə vəziyyəti daha da mürəkkəbləşdirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində 300-dən artıq şəhər və kəndi azad edərək Ermənistanı 10 noyabr 2020-ci il tarixli kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu, separatizmə son qoyuldu. Müharibə cinayətlərində təqsirləndirilən şəxslərin məhkəmə qarşısına çıxarılması hüquqi məsuliyyət prinsipinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın hərbi Qələbədən sonra Ermənistana sülh təklif etməsi dövlətimizin siyasi məsuliyyətini və xalqımızın mənəvi dəyərlərini əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibə Azərbaycanın seçimi olmamış, ölkəmiz öz suveren hüquqlarını qorumaq məcburiyyətində qalmışdır. Qələbədən sonra nümayiş etdirilən təmkin və sülh təşəbbüsü Azərbaycanın regional sabitliyə münasibətinin mahiyyətini müəyyənləşdirir. Bununla yanaşı, mövcud sülhün kövrək xarakteri qarşılıqlı öhdəliklərə sadiqliyin və etimad mühitinin qorunmasının zəruriliyini göstərir.
Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə həyata keçirdiyi təşəbbüslər ölkəmizin çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələri nümayiş etdirir. Nəqliyyat bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi təşkilatın fəaliyyət imkanlarını genişləndirmişdir. Üzv dövlətlərin yekdil dəstəyi ilə AQEM-in institusional və hüquqi əsaslarının möhkəmləndirilməsi, üzvlərinin sayının artması təhlükəsizlik, iqtisadi rifah və qarşılıqlı anlaşma istiqamətində dialoqun inkişafına əlverişli şərait yaratmışdır.
Bakı Zirvə Görüşündə səsləndirilən siyasi mövqenin əsas mahiyyəti Azərbaycanın suverenlik uğrunda mübarizə təcrübəsinin beynəlxalq təhlükəsizlik üçün çıxarılan nəticələrlə əlaqələndirilməsindədir. Otuz il icrasını gözləyən qətnamələrin tarixi göstərir ki, beynəlxalq hüququn nüfuzu onun icrasına təminat verən mexanizmlərin səmərəliliyindən asılıdır. Azərbaycanın AQEM çərçivəsində irəli sürdüyü əməkdaşlıq yanaşması isə hüquqi ədalətin, suveren bərabərliyin və qarşılıqlı etimadın davamlı regional təhlükəsizlik mühitinin formalaşmasında həlledici əhəmiyyətini təsdiqləyir.
Rövşən Muradov – deputat










