Məzmuna keç

Polşada “Fort Tramp” böhranı: ABŞ bazasına pul ayrılmadı

Polşada ABŞ-ın daimi hərbi bazasının tikintisi üçün büdcədə vəsait nəzərdə tutulmayıb. Layihənin dəyəri 2,7 milyard dolları ötür.

Polşanın keçmiş müdafiə naziri Mariuş Blaşak baş nazir Donald Tuskun hökumətini ABŞ-la hərbi əməkdaşlığın genişlənməsinə mane olmaqda ittiham edib.

Blaşakın sözlərinə görə, “Fort Tramp” bazasının tikintisi üçün nə 2026-cı ilin büdcəsində, nə də 2027-ci ilin büdcə layihəsində vəsait ayrılıb.

O bildirib ki, “Hüquq və Ədalət” partiyası hakimiyyətdə qalsaydı, ABŞ-ın daimi hərbi bazası artıq Polşa ərazisində fəaliyyət göstərə bilərdi.

Keçmiş nazir 2027-ci il üçün müdafiə xərclərinin 200 milyard zlotıdan 198 milyard zlotıya, Silahlı Qüvvələrə Dəstək Fondunun maliyyələşməsinin isə 72 milyarddan 66 milyard zlotıya endirilməsinin nəzərdə tutulduğunu da vurğulayıb.

Qeyd edək ki, iyunun 3-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Pentaqon rəhbəri Pit Heqsetə ölkədə əlavə ABŞ hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı rəsmi təklif təqdim edib. Layihəyə əsasən, baza ABŞ-ın təxminən 5 min hərbçisini və onların ailə üzvlərini qəbul edə bilər. Tikintinin ilkin dəyəri 10 milyard zlotıdan çox qiymətləndirilir.