Ermənistan hakimiyyəti Azərbaycanla eyni vaxtda sülh müqaviləsi imzalamaq və yeni konstitusiyanın qəbul edilməsi imkanlarını müzakirə etməyi istisna etmir.
Bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, müxalifət konstitusiya dəyişiklikləri məsələsini sülh müqaviləsinin imzalanması ilə əlaqələndirib və belə bir ssenarinin mümkün nəticələri ilə bağlı bir sıra suallar qaldırıb.
“Bunlar maraqlı suallardır və nəzəri olaraq, onlara verilən cavablar vəziyyətin müəyyən bir həllinə gətirib çıxara bilər. Ola bilər, ya da olmaya bilər”, – Rubinyan qeyd edib.
Bu cavabların Azərbaycandan gəlib-gəlməməsi barədə suala vitse-spiker belə cavab verdi: “Hər yerdən, mütləq hər yerdən”.
O, həmçinin yeni Konstitusiyanın qəbul edilməsi prosesinin çıxılmaz vəziyyətə düşdüyü iddialarını da rədd edib. Rubinyanın sözlərinə görə, gələcək fəaliyyət üçün müxtəlif variantlar müzakirə olunsa da, bu cür nəticələr üçün heç bir əsas yoxdur.










