Məzmuna keç

Polşada son vəziyyət: Səfir niyə istefa verdi?

Polşada Konstitusiya Məhkəməsi ətrafında yaranan siyasi qarşıdurma diplomatik müstəviyə də keçib. Ölkənin Çindəki səfiri Yakub Kumoç istefa verərək vəzifəsindən geri çağırılmasını istəyib.

Diplomat ölkədə baş verən hadisələr fonunda Polşanı səfir kimi təmsil etməyə davam edə bilməyəcəyini bildirib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski səfirin qərarına sərt reaksiya verib. O, Kumoçun diplomatik missiyasını qeyri-peşəkar şəkildə başa vurduğunu və artıq Polşanı təmsil etmədiyini bildirib.

Prezident Administrasiyasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç isə səfirin qərarını dəstəkləyərək bunu Polşanın demokratiyasını və beynəlxalq nüfuzunu müdafiə edən məsuliyyətli addım adlandırıb.

Bu arada Baş nazir Donald Tusk hökumətin mövqeyindən geri çəkilməyəcəyini nümayiş etdirib. O, məhkəmə sistemində hüququn aliliyinin bərpası üçün qətiyyətli addımların vacib olduğunu bildirib.

Qeyd edək ki, diplomatik qalmaqal Konstitusiya Məhkəməsinin sədri Boqdan Şvyençkovski və sədr müavini Bartlomey Soxanskinin səlahiyyətlərinin bir ay müddətinə dayandırılması barədə qərardan sonra baş verib. Məhkəmə rəhbərliyi bu qərarı qanunsuz sayaraq tanımadığını bəyan edib. Beləliklə, ölkədə məhkəmənin legitim rəhbərliyi ilə bağlı qarşıdurma davam edir. Ancaq olşada yaranmış böhran təkcə iki hakimin səlahiyyətlərinin dayandırılması ilə bağlı deyil. Münaqişənin kökləri 2015-ci ildən bəri davam edən məhkəmə təyinatları və Konstitusiya Məhkəməsinin legitimliyi ətrafındakı fikir ayrılıqlarına gedib çıxır. Tusk hökuməti məhkəmə sistemində islahatları davam etdirmək niyyətindədir. Prezident Karol Navrotski və müxalifətdəki “Hüquq və Ədalət” Partiyası isə bu addımlara qarşı çıxırlar.