Məzmuna keç

“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” – Karapetyan

Ermənistanda Konstitusiya dəyişiklikləri və Azərbaycanla sülh müqaviləsi ətrafında mübahisələr davam edir.

“Güclü Ermənistan” müxalifət fraksiyasının rəhbəri Narek Karapetyan jurnalistlərə açıqlamasında Azərbaycanın təklif etdiyi Konstitusiyanın Ermənistan üçün yaxşı ola bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, ölkənin əsas qanunundan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Ermənistanı zəiflədəcək və bu, Bakının maraqlarına xidmət edəcək.

Karapetyan iddia edib ki, Azərbaycanla sülh sazişinin layihəsində Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı heç bir şərt nəzərdə tutulmayıb. Onun fikrincə, bu tələb sonradan ortaya çıxıb.

Müxalifət nümayəndəsi baş nazir Nikol Paşinyanın əvvəllər sülh müqaviləsinin heç bir ilkin şərt olmadan imzalanacağını vəd etdiyini xatırladıb.

Karapetyan bildirib ki, Paşinyan hazırda Azərbaycanın sülh müqaviləsinin yekun imzalanmasından əvvəl əlavə tələblər irəli sürməyəcəyinə zəmanət verə bilmir.

Lakin Karapetyanın Konstitusiya tələbinin sonradan ortaya çıxması barədə iddiası faktlara ziddir və əsassız ittiham xarakteri daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev hələ 6 iyun 2024-cü ildə Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh müqaviləsinin imzalanmasının mümkün olmadığını açıq şəkildə bəyan etmişdi.

2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflansa da, Azərbaycan Konstitusiya ilə bağlı şərtini qüvvədə saxlayıb. Prezident İlham Əliyev həmin dəyişikliklərdən sonra müqavilənin imzalana biləcəyini bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan da 2026-cı ilin avqustunda yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu açıqlayıb. O, bunu “Qarabağ hərəkatı”nın məhv olması və Azərbaycanla sülhün möhkəmləndirilməsi zərurəti ilə əlaqələndirib.