Mən ağdamlıyam!
Bu söz mənim üçün sadəcə doğulduğum torpağın adı deyil. Bu söz mənim kimliyim, qürurum, yaddaşım, uşaqlığım, itkilərim və heç zaman sönməyən ümidimdir.
Mən Ağdamlıyam!
Bir zamanlar küçələrində uşaqların səsi, həyətlərində həyatın nəfəsi duyulan, çörəyinin ətri, insanlarının mərdliyi ilə tanınan Ağdamın övladıyam. Mənim yaddaşımda Ağdamın hər daşı, hər küçəsi, hər ocağı əziz bir xatirədir.
Mən Ağdamlıyam! Həm də bir ŞƏHİD bacısıyam…
Qəlbimdə heç vaxt sağalmayan bir nisgil, başımın üzərində isə şəhid qardaşımın ucaltdığı müqəddəs qürur var. Mənim üçün Ağdamın azadlığı təkcə bir torpağın geri qaytarılması deyil, həm də şəhidlərimizin yarımçıq qalan arzularının gerçəkləşməsidir.
20 Noyabr – Ağdam şəhəri günündə qəlbim həm kövrəlir, həm də qürurla döyünür. Çünki bu torpağın azadlığına gedən yol şəhidlərimizin qanı, analarımızın göz yaşı, bacı-qardaşlarımızın həsrəti ilə yazılıb.
Bu gün Ağdam yenidən qurulur, yenidən nəfəs alır, öz doğma sakinlərini qoynuna çağırır. Dağıdılmış yurdun yerində yeni həyat başlayır. Ağdamın küçələrində yenidən addımlar səslənir, onun sabahına inam böyüyür.
Mən Ağdamlıyam! Torpağımın ağrısını da, Zəfərini də ürəyimdə daşıyıram. Mənim üçün Ağdamın hər qarışı müqəddəs, hər şəhidin xatirəsi əbədidir.
Bu gün qürurla deyirəm: Ağdam, sən təkcə bir şəhər deyilsən, sən bizim yaddaşımız, milli kimliyimiz və yenilməz ruhumuzsan!
20 Noyabr – Ağdam şəhəri günün mübarək, doğma yurdum!
Şəhidlərimizin ruhu qarşısında baş əyir, azad Ağdamın gələcəyinə sevgi və ümidlə baxıram.
Mən ağdamlıyam! Bununla fəxr edirəm!
Gülşən Behbud
Şəhid bacısı
Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri










