Dünya üzrə dini mənsubiyyət bölgüsündə ciddi dəyişikliklər gözlənilir.
ABŞ-ın “Pew Research Center” araşdırma mərkəzi bununla bağlı proqnoz yayımlayıb.
Proqnozlara görə, müsəlman əhalisi 2035-ci ildə ilk dəfə xristianların sayını üstələyə bilər. 2070-ci ilə dair hesablamalar isə bu fərqin daha da artacağını göstərir. Araşdırmaya əsasən, 2035-ci ildə dünyadakı müsəlmanların sayının 2,57, xristianların sayının isə 2,52 milyarda çatacağı ehtimal olunur. 2070-ci ilədək müsəlman əhalisinin 80 faiz, xristianların sayının isə 30 faiz artacağı proqnozlaşdırılır.
Müsəlman əhalisindəki artımın əsasən İslamın çoxluq təşkil etdiyi ölkələrin hesabına baş verəcəyi bildirilir. 2020-ci ildə bu kateqoriyaya daxil olan 53 ölkədə müsəlmanların sayının 2070-ci ilədək 1,2 milyard artacağı gözlənilir. Bu, dünya üzrə ümumi artımın 74 faizini təşkil edəcək.
Ölkələr üzrə proqnozlarda Pakistan diqqət çəkir. Belə ki, bu ölkədə müsəlmanların sayının 2020-ci ildəki 227 milyondan 2070-ci ildə 461 milyona yüksələcəyi və Pakistanın dünyanın ən çox müsəlman əhalisinə sahib ölkəsinə çevriləcəyi ehtimal edilir. Nigeriyada isə müsəlmanların sayının 282 milyona çatacağı gözlənilir.
Artımın əsas səbəbi
Araşdırmada müsəlman əhalisinin sürətli artımının əsas səbəblərindən biri doğum səviyyəsindəki fərqlə əlaqələndirilir. 2020-2025-ci illərdə müsəlman qadınların orta hesabla 3,1, xristian qadınların 2,5, digər dini qruplara mənsub qadınların isə 1,6 uşaq dünyaya gətirdiyi hesablanıb.
Avropada müsəlmanların payı ikiqat artacaq
Proqnozlara görə, Avropada müsəlmanların əhalidəki payı 2020-ci ildəki 6 faizdən 2070-ci ildə 12,7 faizə yüksələcək. Müsəlman əhalisinin sayının isə 46 milyondan 80 milyona çatacağı gözlənilir.
Eyni dövrdə xristianların Avropa əhalisindəki payının 67 faizdən 52 faizə enəcəyi, heç bir dinə mənsub olmadığını bildirənlərin göstəricisinin isə 25 faizdən 33 faizə yüksələcəyi proqnozlaşdırılır.
ABŞ-da xristianların sayı azalacaq
Araşdırmaya əsasən, 2020-ci ildə dünyanın ən böyük xristian əhalisinə sahib ölkəsi olan ABŞ-da xristianların sayı 217 milyondan 2070-ci ildə 174 milyona qədər azala bilər. Buna səbəb kimi insanların kilsə ilə əlaqələrinin zəifləməsi, əhalinin yaşlanması və ölüm sayının doğum sayını üstələməsi göstərilir.










