2035-ci ilədək dünyada gözlənilən ömür uzunluğu 1,8 il azala bilər.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin klinik mikrobiologiya və antimikrob rezistentlik üzrə baş mütəxəssisi Roman Kozlov xəbərdarlıq edib.
“Statistik məlumatlara əsasən, 2035-ci ildə gözlənilən ömür uzunluğu 1,8 il azala bilər. Bununla yanaşı, dünya üzrə səhiyyə sisteminin əlavə xərcləri təxminən 1 trilyon dollar təşkil edəcək”, – deyə ekspert bildirib.
Dərmanlara qarşı müqavimət qazanan mikroorqanizmlər həm infeksiyaların müalicəsini qəlizləşdirir, həm də tibbi xidmətlərin maliyyə yükünü ağırlaşdırır. Bundan əlavə, bu vəziyyət əhalinin əmək qabiliyyətinin itirilməsi təhlükəsi yaradır və iqtisadi risklərə səbəb olur.
Bundan əvvəl Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirmişdi ki, hazırda ömrü uzatmaq üçün universal dərman mövcud deyil. Bununla belə, bir çox ölkədə bu istiqamətdə fəal tədqiqatlar aparılır.
O, həmçinin ağır xəstəliklərin inkişafını gecikdirməyə və ya tamamilə qarşısını almağa imkan verən birbaşa üsulların mövcud olduğunu vurğulayıb. Nazir buna misal olaraq xroniki obstruktiv ağciyər xəstəliyini və ağciyər toxumasının fibrozunu göstərib.










