Məzmuna keç

Ukraynada sovet və rus adları olan küçələrin 96%-dən çoxunun adları dəyişdirilib

2022-ci ilin fevral ayından bəri Ukraynada adları Rusiya və Sovet tarixi ilə əlaqəli olan 30 mindən çox küçəyə yeni adlar verilib.

Bu barədə “Dekolonizasiya. Ukrayna” hərəkatının portalında məlumat verilib.

Təşkilatın məlumatına görə, kampaniya başlamazdan əvvəl ölkədə 31.769 belə küçə olub. Hazırda onlardan yalnız 1.134-ü – 3,6%-i -orijinal adlarını saxlayıb. Buna görə də, adların dəyişdirilməsi 30.635 mülkə – ümumi sayın 96,4%-nə təsir edib.

Portal hərəkatın nümayəndələrinin sözlərinə istinadən bildirib:

“Bu, ölkənin müstəqillik tarixində ən böyük ad dəyişikliyidir. Ukraynada toponimiyanın dekolonizasiyası prosesinin başa çatdığını demək olar”.

Ad dəyişiklikləri dalğası 2022-ci ilin fevral ayından sonra, Rusiya ilə mədəni və tarixi əlaqələrin kəsilməsi fonunda başlayıb. Əvvəllər Ukrayna hakimiyyəti sovet xadimlərinin abidələrini götürmək və yaşayış məntəqələrinin adlarını dəyişdirmək üçün oxşar kampaniyalar başlatmışdı.