Məzmuna keç

Türkiyə erkən seçkilərə gedir? – Ərdoğanla bağlı iki ssenari müzakirə olunur

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) narahatlıq yaşanır.

Partiyanın populyarlığının azalması fonunda üzvlər prezidentlik sisteminin yenidən nəzərdən keçirilməsi variantlarını müzakirə edirlər. Bunlara mövcud sistemin dəyişdirilməsi, prezidentin səlahiyyətlərinin yenidən müəyyən edilməsi və ehtimal ki, parlament idarəetmə sisteminə qayıtmaq daxildir.

Türkiyənin müxalifət qəzeti olan “Cumhuriyet”in məlumatına görə, partiyada pərdəarxası iki əsas ssenari, eləcə də 2027-ci ilin may ayında növbədənkənar seçkilərin keçirilməsi ehtimalı müzakirə olunur.

Müzakirə olunan variantlardan biri prezident idarəetmə sistemini saxlamaq, lakin onun əməliyyat prosedurlarını və seçki mexanizmlərini yenidən nəzərdən keçirməkdir ki, Ərdoğanın partiyası artıq kiçik partiyalarla ittifaq qurmaqdan asılı olmasın. Bu yanaşma partiya daxilində sistemin “yumşaldılması” kimi təsvir olunur.

Digər variant parlament idarəetmə sisteminə qayıdışı əhatə edir. Bu ssenariyə əsasən, prezidentlik müddəti 7 ilə qədər uzadıla, baş nazir vəzifəsi bərpa edilə və prezident Rəcəb Tayyib Ərdoğan partiyalardan üstün mövqedə vəzifəsində qala bilər.

 

Bəzi AKP nümayəndələrinin fikrincə, Türkiyə artıq faktiki olaraq seçkiqabağı mərhələyə qədəm qoyub və siyasi qüvvələr buna uyğun olaraq hazırlaşırlar.

Partiya dairələrində gəzən təxminlərə görə, erkən parlament seçkilərinin 2027-ci ilin may ayında keçirilməsi mümkündür.