Aİ-nin güclü dövlətləri zəyif dövlətlərə yardım göstərməlidirlər - Elman Nəsirov
Xəbər verdiyimiz kimi, Estoniyanın müdafiə naziri Hanno Pevkur təklif edib ki, Avropa İttifaqı bir ölkədən digərinə sursatın sürətlə tədarükünə imkan verəcək “hərbi Şengen” zonası yaratmalıdır.
O, bildirib ki, Aİ həmçinin, məsələn, miqrasiya böhranı zamanı edildiyi kimi, birgə maliyyələşdirmə və satınalma yolu ilə üzv dövlətlərə yardımın göstərilib-göstərilməməsi ilə bağlı qərar qəbul edə bilər.
Mövzunu “Xəbərsiz”ə şərh edən Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Estoniyanın müdafiə naziri çox maraqlı bir təkliflə çıxış edib.
“Sual yaranır ki, bu ideyanın məhz indi ortaya atılması nə ilə bağlıdır? İlk növbədə onunla bağlıdır ki, ABŞ Rusiya-Ukrayna müharibəsində Ukraynaya birbaşa hərbi yardımın verilməsini dayandırıb. Rəsmi Vaşinqtonun mövqeyi ondan ibarətdir ki, Avropa ölkələri gəlib, ABŞ-dən silah-sursatın haqqını ödəyərək alsın, Ukraynaya versin”, deyə plenari bildirib.
O, əlavə edib ki, burada güc Aİ ölkələrinin üzərinə düşür. Xüsusi ilə də Aİ ölkələri içərisində də Baltikyanı ölkələr bu baxımdan daha böyük çətinliklərlə üz-üzə qalıblar. Həm iqtisadi, həm də hərbi nöqteyi-nəzərdən həm Avropa İttifaqında, həm də NATO-da “Axilles dabanı” hesab olunur. Yəni, onların imkanları daha məhduddur.
“Belə olan təqdirdə rəsmi Vaşinqtonun, daha dəqiq desək, Tramp administrasiyasının NATO ölkələrindən öz Ümumidaxili məhsullarının 5%-ni hərbi məqsədlər üçün ayırması tələbi bu ölkələri çox çətin vəziyyətdə qoyur. Bu tələb sözügedən ölkələrdə sosial rifah və iqtisadiyyat baxımından ciddi təhlükələr yaratmağa başlayıb”, – deyə deputat əlavə edib.
Elman Nəsirov deyir ki, belə olan halda da Aİ-nin güclü dövlətləri daha böyük məsuliyyətlə üz-üzə qalırlar. Onlar özlərindən zəyif olan Aİ ölkələrinə dəstək verməlidirlər. Yəni, Aİ-nin daha güclü dövlətləri daha zəyif dövlətlərə yardım göstərməlidirlər. Bu yardımı həyata keçirmək üçün isə “hərbi şengen” zonası yaradılması ideyası aktuallaşır.
Ziyafət Əlisoy





