Avropada nüvə qəzası riski son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
Bu barədə Norveçin Səhiyyə və Qayğı Xidmətləri naziri Yan Kristian Vestre NRK telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi zamanı nüvə elektrik stansiyalarına və elektrik şəbəkələrinə edilən hücumlar təhlükəni daha da artırıb.
Vestre qeyd edib ki, Norveç hökuməti mümkün nüvə qəzası nəticəsində radioaktiv çöküntülərin Avropanın böyük hissəsinə yayılmasından narahatdır.
Nazirin sözlərinə görə, bu narahatlığı yalnız Norveç deyil, ABŞ, Kanada, İngiltərə, Yaponiya, Ukrayna və bir sıra Avropa İttifaqı ölkələri də bölüşür.










