Yaxın gələcəkdə Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək.
Bu barədə Rusiya Federasiyasının ölkəmizdəki ticarət nümayəndəsi Adam Xakimov “Zvezda” telekanalının “Voennaya priemka” verilişinə müsahibəsində deyib.
O bildirib ki, qısa müddət ərzində Moskva – Bakı marşrutu üzrə kruiz laynerinin fəaliyyətə başlaması planlaşdırılır.
Ticarət nümayəndəsinin sözlərinə görə, su yolu ilə həyata keçiriləcək bu səfər ümumilikdə 14 gün davam edəcək: yeddi gün gediş və yeddi gün dönüşə sərf ediləcək. Xakimov əlavə edib ki, bu səyahətlər lüks sinfə aid gəmilərlə təşkil olunacaq.
Layihə birbaşa dövlət dəstəyi ilə həyata keçirilir və gəmilərin inşasına Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən subsidiya ayrılır.
“Hazırda tam istifadəyə yararlı bir gəmi mövcuddur və daha iki gəminin inşası başa çatmaq üzrədir. Bu layihə uğur qazanarsa, digər iki gəminin də Bakı istiqamətində hərəkət etməsinə ümid edirik”, – deyə nümayəndə vurğulayıb.










