Hava limanında saxlanılan Koçaryanın ölkədən çıxışına qadağa qoyuldu
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ölkədən çıxışına qadağa qoyulub.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan bildirib.
O qeyd edib ki, sabiq prezidentə heç bir izahat verilmədən İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanı hava limanında ölkəni tərk etmək qadağan olunub.
Bundan əvvəl Koçaryanın rəhbərlik etdiyi Ermənistan bloku üç günlük şəxsi səfərlə xaricə getməyi planlaşdırdığı barədə məlumat yaymışdı.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl videomüraciətində müxalifətin üç əsas simasının – Robert Koçaryan, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan və iş adamı Qaqik Tsarukyan – “sındırılacağını” bəyan etmişdi.
İyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,7 faizini toplayaraq parlamentdə 105 yerdən 64 mandat qazanıb. Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,3 faiz səslə 29 mandat, Robert Koçaryanın “Ermənistan” bloku isə 9,9 faiz səslə 12 mandat əldə edib.
Qaqik Tsarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası isə 3,9 faiz səs topladığı üçün parlamentə keçid üçün tələb olunan 4 faizlik həddi aşa bilməyib.
İyunun 9-da Ermənistan Baş Prokurorluğu Tsarukyana qarşı xüsusilə külli miqdarda vergidən yayınma ittihamı ilə cinayət işi açıb. Həmin gün iş adamı həyat yoldaşı ilə birlikdə ölkəni tərk etməyə cəhd göstərsə də, ona da ölkədən çıxış icazəsi verilməyib.
Qeyd edək ki, Koçaryan dünən Zvartnots Hava Limanında saxlanılmışdı.





