Kiloqramı 11 manata olan sümüksüz ət - ALMAQ OLAR?
Xəbər verdiyimiz kimi, sosial mediada “kiloqramı 11 manata olan sümüksüz ət”lərin satışı ilə bağlı videolar yayılır.
Bəs bu ətlərin sağlamlığımız üçün hər hansı təhlükəsi ola bilərmi?
AQTA-dan “Xəbərsiz”ə bildirildi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür.
“Xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, dövriyyəyə buraxılır”, – deyə əlavə edilib.
Agentlikdən verilən açıqlamada qeyd edilib ki, belə məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər.
İstehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq və ya “E-Qidam” mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər.
Ziyafət Əlisoy





