Rusiya Wikileaks-ı qaytarır
“Wikileaks” layihəsi Rusiyada “Wikileaks 2.0” adı altında yenidən fəaliyyətə başlayacaq.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Beynəlxalq Antiqlobalist Hərəkatının lideri, Wikileaks 2.0 layihəsinin rəhbəri, Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurasının üzvü Aleksandr İonov TASS-ın mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yeni media platforması indiki məqamda yalnız Rusiyanın ev sahibliyi etməyə qadir olduğu müzakirələr məkanı olacaq. İonov layihə üzərində dünya üzrə onlarla könüllünün çalışdığını qeyd edərək, daha çox dəstəyi alqışlamağa hazır olduğunu bildirib.
“Biz təkcə bioloji təhlükələrlə bağlı sənədləri deyil, həm də siyasi işlərlə bağlı sənədləri dərc etməyi planlaşdırırıq. Baltikyanı ölkələr, Ukrayna və Moldovanın siyasəti, həmçinin ABŞ-ın bu ölkələrdəki fəaliyyəti ilə bağlı araşdırmaların aparılması planlaşdırılır. Bizim qarşıdakı araşdırmamız Ermənistana aid olacaq”, – İonov bildirib.
Wikileaks 2.0-ın baş redaktoru, siyasi strateq Tim Stigall əlavə edib ki, koronavirus pandemiyası ilə bağlı sənədlərin yayımlanması diqqət mərkəzində olacaq. Onun sözlərinə görə, layihə 750 mindən çox sənəddən ibarət unikal arxivə malikdir ki, bu da xüsusilə Gürcüstanın paytaxtı Tbilisidəki Luqar laboratoriyasındakı tədqiqatçıların fəaliyyətini ifşa edir. Bu sənədlərin əksəriyyəti artıq ictimaiyyətə açıqlanıb və qalan sənədlər dekabrın 8-də açıqlanacaq, Stigall əlavə edib.
Köhnə Wikileaks veb-saytı bloklanmasının qarşısını almaq üçün Rusiyanın yurisdiksiyasında olan .ru domenində yenidən işə salınacaq. Layihənin əvvəlki versiyasında olan bütün materiallar yeni platformada mövcuddur. Bundan başqa, Gürcüstan Səhiyyə Nazirliyi və Luqar laboratoriyasının elektron məktubları və iş fayllarının təhlilinə əsaslanan “Bioloji Silahlar” kateqoriyasında yeni iş dərc edilib.
Xəbərsiz





