2026-cı ilin sentyabr ayının sonuna qədər Ukraynaya qarşı müharibədə azı 490 min Rusiya hərbçisi həlak olub. Ölüm hallarının qeydiyyatında gecikmələr nəzərə alınarsa, real itkilərin 720 mini keçə biləcəyi bildirilir.
Bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin (Rosstat) haker hücumu nəticəsində əldə edilmiş sənədləri əsasında “Meduza” və “Mediazona” nəşrlərinin birgə araşdırmasında qeyd olunub.
Jurnalistlər 2021-ci ilin əvvəlindən 2026-cı il sentyabrın 29-dək olan dövrü əhatə edən təxminən 11,6 milyon ölüm qeydi üzərində araşdırma aparıblar. Hərbi qulluqçuların ölüm halları ölüm səbəbi, hadisənin baş verdiyi yer və hərbi xidmətlə bağlı məlumatlar əsasında müəyyənləşdirilib.
Məlumatların həqiqiliyi miras işlərinin reyestri, məhkəmə qərarları, digər qeydiyyat məlumatlarının sızmaları və Rosstatın əvvəllər açıqladığı statistika ilə yoxlanılıb. Araşdırmaçılar “Mediazona” və BBC-nin Rusiya xidməti tərəfindən hazırlanan həlak olanların adbaad siyahısındakı şəxslərin 95,1 faizinin ölüm qeydlərini də aşkar ediblər.
Digər müstəqil media qurumlarının araşdırmaları da oxşar nəticələr ortaya qoyub. “The Insider” azı 472 min hərbçinin öldüyünü hesablayıb. Qeydiyyatdakı gecikmələr nəzərə alınarsa, sentyabrın sonuna bu rəqəm 485 minə çata bilərdi. “Novaya qazeta Avropa” isə Ukraynada 18-64 yaş aralığında 490 min rusiyalı hərbçinin öldüyünü təxmin edib.
“Vacib hekayələr” nəşrinin araşdırmasında isə 2022-ci il fevralın 24-dən 2026-cı il sentyabrın 28-dək Rusiya hərbçilərinin ölümü ilə bağlı 499 mindən çox qeyd aşkarlanıb.
Araşdırmaya görə, Rusiya 2022-ci ildə gündə orta hesabla 60, 2023-cü ildə 150, 2024-cü ildə 400-dən çox, 2025-ci ildə isə 584 hərbçi itirib. Ümumi göstərici əsasında hesablandıqda, Ukraynada hər beş dəqiqədə bir rusiyalı hərbçi həlak olur.
Əhali sayına nisbətdə ən ağır itkilər Rusiyanın Uzaq Şərq və Sibir bölgələrinin payına düşür. Yəhudi Muxtar Vilayətində hər 100 min nəfərə təxminən 1000, Zabaykal diyarında 800, Çukotkada 760, Tıvada isə 650 ölüm qeydə alınıb. Müqayisə üçün, Moskvada bu göstərici hər 100 min nəfərə 63 nəfər təşkil edib.
Araşdırmada həlak olan hərbçilərin yaş göstəricisi də diqqət çəkib. Belə ki, ölənlərin median yaşı 2022-ci ildə 33 olduğu halda, 2026-cı ildə 40-a yüksəlib.
Müharibə 7 mindən çox 18-19 yaşlı rusiyalı hərbçinin həyatına son qoyub. Onların təxminən yarısı 2025-ci ildə həlak olub. Həmçinin 16 nəfər yetkinlik yaşına çatdıqdan cəmi bir ay sonra döyüşlərdə həyatını itirib.










