Məzmuna keç

Stressdən 10 dəqiqəyə qurtulmaq üçün 6 təsirli üsul

Gündəlik həyatda formalaşdırdığımız vərdişlər psixoloji vəziyyətimizə və streslə mübarizə qabiliyyətimizə birbaşa təsir göstərir. Emosional gərginlik zamanı stresin öz-özünə keçməsini gözləmək əvəzinə, sinir sistemini sakitləşdirməyə kömək edən sadə üsullardan istifadə etmək tövsiyə olunur.

Klinik psixoloq Kərim C. Torres Sançes stresin azaldılması üçün orqanizmin “mübarizə apar və ya qaç” reaksiyasını zəiflətməyin vacibliyini vurğulayıb. Mütəxəssisin sözlərinə görə, əsas məqsəd orqanizmi həyəcan vəziyyətindən rahatlama və bərpa mərhələsinə keçirməkdir. Bunun üçün uzun müddət tələb olunmur. Bəzi sadə məşqlər cəmi 5-10 dəqiqə ərzində gərginliyi azaltmağa kömək edə bilər.

Əzələləri mərhələli şəkildə rahatlaşdırın

Stress zamanı əzələlər qeyri-ixtiyari gərginləşir. İnsan çiyinlərini sıxır, çənəsini bərkidir və bədənini qeyri-təbii vəziyyətdə saxlayır. Əzələlərin mərhələli rahatlaşdırılması üsulu bu gərginliyi azaltmağa kömək edir. Rahat vəziyyətdə oturun və ya uzanın. Əvvəlcə əl və ya ayaq əzələlərini təxminən beş saniyə ərzində gərgin saxlayın. Daha sonra onları boşaldaraq 10-15 saniyə rahatlama hissinə diqqət yetirin. Eyni hərəkəti tədricən üz, boyun, sinə, qarın və digər əzələ qrupları üçün təkrarlayın. Bu üsul bədəndə yığılan gərginliyi hiss etməyə və onu azaltmağa kömək edə bilər.

10 dəqiqə təmiz havada gəzin

Zehni yorğunluq zamanı ən sadə və təsirli üsullardan biri qısa gəzintiyə çıxmaqdır. Bu zaman telefondan və digər elektron cihazlardan istifadə etməmək məsləhətdir. Diqqətinizi gündəlik problemlərdən uzaqlaşdıraraq ətrafınızdakı detallara yönəldin. Addımlarınızı, nəfəsinizin ritmini, ağacların hərəkətini və ətrafdan gələn səsləri müşahidə edin. Belə gəzinti diqqəti narahatedici düşüncələrdən uzaqlaşdıraraq indiki ana yönəltməyə kömək edir. Ritmik fiziki hərəkət isə emosional gərginliyin azalmasına müsbət təsir göstərə bilər.

“Kəpənək qucaqlaması” üsulunu sınayın

Bu üsul özünü sakitləşdirmək üçün istifadə edilən ritmik toxunuş texnikalarından biridir. Əvvəlcə qollarınızı sinənizdə çarpazlaşdırın. Barmaqlarınızın uclarını çiyinlərinizin və ya körpücük sümüklərinizin yaxınlığına yerləşdirin. Gözlərinizi yumun və bir neçə dəfə dərindən nəfəs alın. Daha sonra əllərinizlə növbə ilə sol və sağ tərəfə yüngül toxunuşlar edin. Hərəkətlər kəpənəyin qanad çalmasını xatırlatmalıdır. Bu ritmik toxunuşları bir-üç dəqiqə ərzində sakit tempdə davam etdirin. Texnika bəzi insanlarda emosional gərginliyi azaltmağa və özünü daha rahat hiss etməyə kömək edə bilər.

Bədəninizi hərəkət etdirin

Bəzən yığılan gərginliyi azaltmaq üçün sadəcə sakit oturmaq kifayət etmir. Belə hallarda fiziki hərəkət daha faydalı ola bilər. Telefonunuzda 5-10 dəqiqəlik vaxt təyin edin. Bu müddətdə sərbəst şəkildə hərəkət edin, qollarınızı və ayaqlarınızı silkələyin, dartının və ya musiqi sədaları altında rəqs edin. İlk anda bu hərəkətlər qəribə görünsə də, bədənin aktivləşməsi gərginliyi azaltmağa və əhvali-ruhiyyəni yaxşılaşdırmağa kömək edə bilər. Bəzən özünüzü düşüncə ilə sakitləşdirməyə çalışmaq əvəzinə, bir neçə dəqiqə hərəkət etmək daha yaxşı nəticə verir.

Mənfi düşüncələrinizi dəyişdirin

İnsanın emosional vəziyyəti yalnız baş verən hadisələrdən deyil, həmin hadisələri necə qiymətləndirməsindən də asılıdır. Stress zamanı insanlar çox vaxt vəziyyəti olduğundan daha ağır qəbul edirlər. Məsələn, “Mən heç nəyə çatdıra bilmirəm” və ya “Hər şey pis gedir” kimi düşüncələr narahatlığı daha da artıra bilər. Belə hallarda on dəqiqə ayıraraq sizi narahat edən fikirləri təhlil edin.

Özünüzdən soruşun: “Bu vəziyyət həqiqətən düşündüyüm qədər pisdir”?, “Problemin başqa izahı ola bilərmi”?, “Hazırda nəyi dəyişə bilərəm”?

Bəzən sadəcə yorğun olduğunuzu və ya çətinliyin müvəqqəti xarakter daşıdığını anlamaq belə emosional gərginliyi azalda bilər. Mənfi düşüncələri daha real və balanslı fikirlərlə əvəz etmək narahatlığın idarə olunmasına kömək edir.

Xəyalınızda təhlükəsiz və sakit məkan yaradın

Ətraf mühiti dəyişmək mümkün olmadıqda təxəyyüldən istifadə etmək faydalı ola bilər. Gözlərinizi yumun və özünüzü tamamilə rahat hiss etdiyiniz bir məkanda təsəvvür edin. Bu, uşaqlığınızdan xatırladığınız sevimli yer, dəniz sahili, meşədəki kiçik ev və ya xəyalınızda yaratdığınız mənzərə ola bilər. Həmin məkanı mümkün qədər ətraflı canlandırmağa çalışın. Orada hansı səslərin eşidildiyini, havanın necə olduğunu, hansı qoxuların gəldiyini və ətrafınızda nələrin yerləşdiyini təsəvvür edin. Duyğu orqanlarını da bu təsəvvürə cəlb etmək diqqətin stres yaradan düşüncələrdən uzaqlaşmasına kömək edə bilər. Bu məşqi müntəzəm təkrarlamaq emosional gərginlik zamanı sakitləşməyi asanlaşdıra bilər. Mütəxəssislər bildirirlər ki, stresin bütün səbəblərini aradan qaldırmaq həmişə mümkün olmur. Lakin gündəlik həyatda bu sadə vərdişlərdən istifadə etmək psixoloji tarazlığı daha tez bərpa etməyə kömək edə bilər.