WUF 13 başlayır: nələr gözlənilir? - TƏHLİL
Mayın 17-də Azərbaycan Respuplikasının paytaxtı Bakı dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun (ÜŞF – WUF)13-cü sammitinə ev sahibliyi edəcək. BMT-nin İnsan Məskənləri Proqramı tərəfindən təşkil olunan bu forum ; urbanizasiya, şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı gələcək məsələlərinə həsr olunmuş ən böyük qlobal tədbir hesab edilir.
Forumun əsas mövzusu : “Dünyanın mənzil təminatı : təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” adlanır. Rəsmi məlumatlara görə artıq 175 — 180 ölkədən nümayəndələrin qeydiyyatdan keçdiyi bildirilir. Tədbirdə minlərlə nümayəndənin, yüzlərlə şəhər rəhbərinin, beynəlxalq təşkilatların, investorların və dövlət rəsmilərinin iştirakı gözlənilir.
17 — 22 may 2026-cı il tarixlərinə kimi davam etdirilməyi planlaşdırılan Bakı forumu çərçivəsində ilk dəfə ən geniş ” Liderlər Zirvəsi” keçiriləcək. Bu təşəbbüs Azərbaycan hökuməti tərəfindən irəli sürülüb və tədbirə müxtəlif ölkələrin dövlət və hökumət başçıları dəvət olunub.
“UN-Habitat” ( BMT — Yaşayış Məskənləri Proqramı ) rəhbərliyi bildirib ki : forumda
dövlət və hökumət başçıları ; mənzil və şəhərsalma nazirləri ;
iri şəhərlərin merləri ;
BMT agentliklərinin rəhbərləri və
beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edəcəklər.
Ekspertlərin fikrincə, tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəhbərləri,
Körfəz ölkələrinin nümayəndələri,
Avropa və Asiyanın urbanizasiya siyasətinə rəhbərlik edən yüksək səviyyəli şəxslərin iştirakı ehtimal olunur.
Bu qədər geniş tərkibli nümayəndə heyətinin iştirakı ; Bakının diplomatik çəkisinin daha da artdığını göstərir.
WUF-13 yalnız siyasi və diplomatik hadisə deyil ; həm də böyük iqtisadi platformadır.
Gözləntilərə görə
Bakıya 25–30 min arasında xarici qonaq gələcək. Hotellər, nəqliyyat sektoru, restoran biznesi və xidmət sahələri böyük gəlir əldə edəcək.
Bundan əlavə, forum :
Azərbaycanın investisiya imkanlarının tanıdılmasına ;
“ağıllı şəhər” layihələrinin təqdimatına;
beynəlxalq tikinti və memarlıq şirkətlərinin cəlb edilməsinə;
yaşıl enerji və şəhər texnologiyalarına investisiya axınına ciddi təsir göstərə bilər.
Ekspertlər hesab edirlər ki, COP-29-dan sonra WUF-13 Azərbaycanın “qlobal tədbirlər mərkəzi” imicini daha da gücləndirəcək.
WUF-13 çərçivəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma layihələrinin xüsusi diqqət mərkəzində olacağı gözlənilir.
Azərbaycan hökuməti artıq Ağdam, Füzuli, Şuşa, Zəngilan və Laçında
“ağıllı şəhər” və “ağıllı kənd” layihələri;
yaşıl enerji infrastrukturu;
müasir nəqliyyat şəbəkələri;
dayanıqlı urbanizasiya modelləri həyata keçirir.
Bu layihələrin forum iştirakçılarına “post-münaqişə urbanizasiya modeli” kimi təqdim olunacağı ehtimal edilir.
Bəzi beynəlxalq ekspertlər Qarabağın yenidən qurulmasını XXI əsrin ən iri regional bərpa layihələrindən biri hesab edirlər. Beynəlxalq müzakirə platformalarında Qarabağın bərpası həm müsbət maraq ; həm də siyasi mübahisələrlə müşayiət olunur.
Bu isə göstərir ki, Qarabağ artıq yalnız regional məsələ deyil ; beynəlxalq urbanizasiya və bərpa gündəliyinin bir hissəsinə çevrilir.
Forum artıq beynəlxalq medianın diqqət mərkəzindədir. Beynəlxalq media Bakı forumunu
qlobal mənzil böhranının müzakirə platforması ;
urbanizasiya problemlərinin həlli üçün vacib beynəlxalq dialoq məkanı ; Cənubi Qafqazın artan diplomatik rolunun göstəricisi kimi təqdim edir. Bir sıra xarici analitiklər Azərbaycanın son illərdə
COP-29 ; Türk Dövlətləri Təşkilatı (TDT) tədbirləri;
beynəlxalq enerji forumları;
və indi də WUF-13 kimi tədbirlərə ev sahibliyi etməsini — Rəsmi Bakının “yumşaq güc” siyasətinin güclənməsi kimi qiymətləndirirlər.
WUF-13 Azərbaycan üçün bir neçə baxımdan strateji əhəmiyyət daşıyır :
1.) Forum Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. BMT səviyyəsində belə böyük tədbirin Bakıya həvalə olunması ölkəyə olan etimadı nümayiş etdirir.
2.) Forum Azərbaycanın şəhərsalma və infrastruktur potensialını dünyaya təqdim etmək imkanı yaradır.
3.) Forum vasitəsi ilə Qarabağın yenidən qurulması prosesi beynəlxalq auditoriyaya nümayiş etdiriləcək.
Bu tədbir Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək. Çünki Bakı artıq təkcə enerji və logistika mərkəzi deyil ; həm də beynəlxalq diplomatik platformaya çevrilir.
Nəhayət, Azərbaycanın WUF-13 platformasında ev sahibi kimi çıxış etməsi ; ölkənin strateji statusunu qlobal səviyəyə yüksəldir.
Qəvami Sadıqbəyli





