“Kurtlar Vadisi” serialının ssenaristi Raci Şaşmazın Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində ifadə verməsindən sonra serialla bağlı illər əvvəl səsləndirilən fikirlər yenidən gündəmə gəlib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, serialda Nizamettin Güvenç obrazını canlandıran aktyor Adnan Biricikin illər əvvəl verdiyi müsahibədə “Kurtlar Vadisi”ni “sadəcə serial deyil, dram sənədli filmi” adlandırması xüsusilə diqqət çəkib.
Biricik həmin açıqlamasında serialda olan bəzi hadisələrin yayımdan cəmi bir həftə sonra Türkiyədə eynilə baş verdiyini söyləmişdi. Aktyorun sözlərinə görə, serial vasitəsilə türk cəmiyyətinin əvvəllər tanımadığı qaranlıq dünyanın pərdəsi aralanıb.
Bu açıqlamalar Raci Şaşmazın son ifadəsində səsləndirdiyi “sadəcə açıq mənbələrdən istifadə edib cəmiyyətin fotosunu çəkdik” fikri fonunda yenidən müzakirə olunur.







