Güclü El-Nino hadisəsi yaxın altı ay ərzində dünyada təxminən 451 min əlavə ölümə səbəb ola bilər.
Bu barədə “The Guardian” məlumat yayıb.
Proqnoz Çikaqo Universiteti və Kaliforniya Universitetinin Berklidəki kampusunun tədqiqatçıları tərəfindən hazırlanıb.
Araşdırmaya görə, ən çox itkinin Nigeriya, İndoneziya, Sudan, Hindistan və Braziliyada qeydə alınacağı gözlənilir. ABŞ-da isə isti hava ilə əlaqədar təxminən 3500 əlavə ölüm proqnozlaşdırılır.
Tədqiqatçılar proqnozu 1996-2025-ci illərdə dünyanın 24378 regionunda temperatur və ölüm halları arasındakı əlaqəyə dair məlumatlar əsasında hazırlayıblar. Hesablamalar 2026-cı ilin sentyabrından 2027-ci ilin fevralına qədər olan dövrü əhatə edir. Bununla belə, isti hava səbəbindən ölüm hallarının artmasının növbəti ilin iyun-iyul aylarına qədər davam edə biləcəyi bildirilib.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, hazırkı El-Nino hadisəsi gözlənilən pikdən bir neçə ay əvvəl artıq rekord temperatur səviyyəsinə çatıb. Qlobal istiləşmənin isə El-Ninonun təsirlərini daha da gücləndirə biləcəyi vurğulanır.







