Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb yaxınlığında şagirdlərin yaralanması ilə nəticələnən silahlı hücumla bağlı istintaqda diqqətçəkən detallar üzə çıxıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, İnci Üzmez Peşə və Texniki Anadolu Liseyi yaxınlığında şagirdlərə atəş açan şübhəlinin hadisədən əvvəl yaxınlarına belə bir addım atacağını dediyi, lakin xəbərdarlığının ciddiyə alınmadığı məlum olub.
Hücumda nənəsinə məxsus tüfəngdən istifadə edən şübhəlinin hadisədən təxminən bir ay əvvəl həmin silahla atış məşqi etdiyi də üzə çıxıb. İş üzrə şübhəli də daxil olmaqla 9 nəfər saxlanılıb. Onların arasında şübhəlinin valideynləri, nənəsi, babası, digər yaxınları və patronları satan mağazanın sahibi də var.
Şübhəlinin evində aparılan axtarış zamanı otağında svastika simvolları, həmçinin müxtəlif siyasi və ideoloji cərəyanlarla bağlı qeydlər aşkarlanıb. Onun dəftərlərindən birində siyasət, iqtisadiyyat və sosial məsələlərə dair fikirlərini əks etdirən, manifesti xatırladan mətnlərin olduğu müəyyən edilib.
Hadisədən əvvəl mobil telefonunu sıfırlayan şübhəlinin rəqəmsal məlumatlarının bərpası üçün texniki araşdırma aparılır.
Həmçinin istintaq çərçivəsində şübhəlinin fərdi radikallaşma, nihilizm və müxtəlif ideoloji cərəyanların təsiri altında olub-olmadığı araşdırılır.







