Qazaxıstanın balanslı siyasəti: Rusiya ilə inteqrasiya Qərb bazarlarına çıxışa mane olmayacaq
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib.
Görüşdə prezidentlər tərəfindən bir çox məsələlər müzakirə edilib.
Bəs Rusiya ilə iqtisadi inteqrasiya Qazaxıstanın Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki mövqeyini gücləndirəcək, yoxsa məhdudlaşdıracaq?
Mövzu ilə bağlı “Xəbərsiz”ə danışan deputat Vüqar Bayramov bildirib ki, Qazaxıstanın digər ölkələrlə münasibətləri birbaşa olaraq bu ölkənin qəbul etdiyi qərarlardır və birmənalı şəkildə Qazaxıstan öz milli maraqlarına uyğun olaraq qərarların qəbuluna çalışan müttəfiq dövlətlərimizdəndir.
“Sözsüz ki, Qazaxıstanla Rusiya arasında həm ticarət dövriyyəsi, həm də iqtisadi əlaqələr yüksək səviyyədə qalmaqdadır. Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzvüdür, Rusiya ilə bir sıra digər platformalarda da əməkdaşlıq edir. Eyni zamanda, Qazaxıstan balanslı siyasət həyata keçirməyə çalışan region dövlətlərindəndir. Çünki nəticə etibarilə Qazaxıstan üçün Qərb ölkələri ilə əməkdaşlıq da vacibdir”, – deyə deputat qeyd edib.
Vüqar Bayramov vurğulayıb ki, bu səbəbdən bu istiqamətlərdə də addımlar atılır. Digər tərəfdən, Qazaxıstan uzun müddətdir müttəfiq olduğu Rusiya ilə də iqtisadi əlaqələri gücləndirir. Bu baxımdan, Qazaxıstanın balanslı siyasətinin onun Qərb bazarlarına çıxışına hər hansı bir əngəl yaradacağı gözlənilmir. Əksinə, Qazaxıstan həm Qərb ölkələri, həm Avropa dövlətləri, həm də Rusiya ilə əməkdaşlığı gücləndirməyə çalışır.
Ziyafət Əlisoy





