Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Prezident Kitabxanasında “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Tarixi” adlı innovativ kitab layihəsinin təqdimatı keçirilib – FOTO – VİDEO

Reklam728 × 90

16 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəlişi Fondunun dəstəyi ilə yaradılan “Qarabağ Dirçəlişi: Azərbaycan İntibahının Tarixi” adlı innovativ kitab layihəsinin sonuncu təqdimatı keçirildi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Prezident Kitabxanasında keçirilən tədbirdə hökumət nümayəndələri və rəsmiləri, Fondun donorları və tərəfdaşları, eləcə də media nümayəndələri və tanınmış ictimai xadimlər iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident Kitabxanasının direktoru Afət Abbasova salamlama nitqi ilə çıxış edərək qeyd etdi ki, bu nəşr Qarabağ həqiqətlərinin həm beynəlxalq, həm də yerli auditoriyaya hərtərəfli təqdimatında mühüm rol oynayacaq və oxucular üçün etibarlı istinad mənbəyinə çevriləcək.

Açılış nitqini Qarabağ Dirçəlişi Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söylədi və kitabın əhəmiyyəti və hazırlanma prosesi barədə ətraflı danışdı.

Qeyd edilib ki, kitabda Qarabağın tarixi, işğal dövrü, azadlığı, yenidənqurma prosesi və gələcəyə baxış ətraflı şəkildə əks olunub, mətn, fotoşəkillər, rəsmi şəxslər, hökumət nümayəndələri və ekspertlərlə müsahibələr, eləcə də doğma yurdlarını tərk etməyə məcbur olan insanların xatirələri öz əksini tapıb.

“Qarabağ Dirçəlişi: Azərbaycan İntibahının Tarixi” kitabının layihə çərçivəsində yaradılmış xüsusi rəqəmsal ekosistemin bir hissəsi olduğu açıqlandı. Kitabın səhifələrində yerləşdirilmiş onlarla QR kod sayəsində oxucular layihənin www.book.revival.az veb saytında yerləşdirilən materiallara və digər onlayn resurslara — genişləndirilmiş fotoqalereyalara, eksklüziv müsahibələrin tam video və mətn versiyalarına, tarixi mənbələrə və digər materiallara daxil ola bilərlər.

Həmçinin qeyd edilib ki, https://book.revival.az/estore/ ünvanındakı onlayn mağazaya daxil olaraq və Fonda ianə etməklə kitabı istənilən miqdarda və müxtəlif nəşrlərdə (Classic, Prestige və Signature Collection daxil olmaqla) əldə etmək mümkündür.

Ekosistemdə həmçinin oxuculara kitabın məzmunu, eləcə də Qarabağ və Şərqi Zəngəzurun tarixi, işğal dövrü və mövcud dirçəliş prosesi haqqında geniş məlumat verən feniks quşu obrazında yaradılmış “Zəfər AI” süni intellekt də mövcuddur.

Bu xüsusiyyətlər nəşrin klassik kitab formatını aşmasına, onu müasir oxu vərdişlərinə uyğunlaşdırılmış dinamik, interaktiv və innovativ bir layihəyə çevirməsinə imkan verir.

Rəhman Hacıyevin sözlərinə görə, kitabın hazırlanmasında məqsəd Qarabağ həqiqətlərini, eləcə də qalib Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və tikinti işlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Tədbirdə çıxış edən kitabın müəllifi, britaniyalı yazıçı Qrem Uilson nəşrin istehsal prosesi ilə bağlı təfərrüatları, eləcə də Azərbaycan haqqında düşüncələrini bölüşüb.

Tədbirdə çıxış edənlər arasında Bakı Musiqi Akademiyasının rektoru və Fondun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, tarix üzrə fəlsəfə doktoru və Prezident Kitabxanası direktorunun müşaviri Nazim Mustafa, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktor müavini İlqar Niftəliyev və digər natiqlər kitabın əhəmiyyətini vurğulayaraq, nəşrin beynəlxalq auditoriyanı Qarabağ reallıqları, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesləri və regionda sülhün bərqərar olmasına yönəlmiş təşəbbüslərlə tanış etməyə əhəmiyyətli töhfə verəcəyini qeyd etdilər.

Tədbirin sonunda Qarabağın bərpasına 10.000 AZN ianə etməklə və “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Tarixi” kitabını almaqla dəstək verən Veysəloğlu Şirkətlər Qrupuna Fondun adından ianə sertifikatı təqdim edilib.

Qeyd edək ki, tədbirdə həmçinin “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Tarixi” kitabının video təqdimatı və azad edilmiş ərazilərin bərpası və dirçəlişinə həsr olunmuş “Faciədən Qələbəyə” videoçarxı nümayiş etdirilib.

Xatırladırıq ki, “Qarabağ Dirçəlişi: Azərbaycan İntibahının Tarixi” kitabını almaq istəyənlər https://book.revival.az/estore/ onlayn mağazasına daxil ola , istədikləri formatı seçə və Qarabağ Dirçəliş Fonduna ianə edərək kitabı əldə edə bilərlər.

Kitab yaxın gələcəkdə Azərbaycan dilinə və bir sıra xarici dillərə tərcümə olunacaq.

Bundan əlavə, tədbirdə kitaba daxil edilmiş fotoşəkillər əsasında hazırlanmış “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Tarixi” adlı fotosərgidə işğaldan azad edilmiş ərazilərdə bərpa və tikinti işləri, eləcə də Qarabağın zəngin təbii mühiti və özünəməxsus flora və faunası nümayiş etdirilib.

Reklam728 × 90