Bir neçə ay öncə yaxın bir dostumuzun ailəsində ağır itki oldu. Atası vəfat etdi. Lakin mərhumun ailəsi kişinin yatarkən ürəyinin dayandığı üçün şoka düşmüşdü və son bir şans olaraq Təcili Tibbi Yardıma zəng etdi. Ənənəyə sadiq qalaraq gecə saat 00:30 radələrində tibb briqadası gecikərək gəldi və həkim kişiyə baxar-baxmaz çox soyuqqanlı şəkildə və tərəddüd etmədən “öldü” dedi. Burada əsl məsələ kişinin öldüyüdür, lakin ən vacib məsələ bunun deyiliş qaydası idi. Üstəlik, panika içində təşvişə düşən oğlun həkimə təkidlə “sən nə danışırsan” deməsi lap ürəkləri dağlayırdı. Axı, bu tərzdə belə bir bəd xəbəri çatdırmaq nə dərəcə düzgündür?
Bunu bir mövzuya sözardı yazdım. Keçək bugünkü labüd məsələyə.
Biz hər həkimi, xəstəxananı, tibb adamını savadsız, xəstəyə biganə, bivec adlandıra bilmərik. Lakin bu gün Azərbaycanın səhiyyə sistemindəki nöqsanlar ölümü cavanlaşdırır. Bu nöqsanların başlıca səbəblərindən biri də səhiyyə sferasındakı uğursuz kadrlardır. Xüsusən də əhalinin əksəriyyəti İcbari Tibbi Sığorta üçün pul ödəyir. Bəs, bu xidmət vətəndaşları hansı səviyyədə qane edir? Əgər bu gün vətəndaşın əməkhaqqından kifayət qədər pul çıxılaraq, bu yarıtmaz və uğursuz sistemə yatırılırsa, niyə xəstə insanlar saatlarla xəstəxanalarda növbə gözləyirlər? Son zamanlar poliklinikalarda bir dəb də meydana gəlib. “Sistem işləmir”. Sistem işləmirsə, bu xidmət niyə aktualdır?
Vüqar Qurbanovun illərdir “yeni səhiyyə modeli” adlandırdığı sahə məhz bu gün “bədbəxt səhiyyə modeli”nə çevrilib. Dövlət xəstəxanalarına gedirsən, özbaşınalıq baş alıb gedir, istənilən həkim istədiyi vaxtda işə gəlir, işdən çıxır, insanlar saatlarla növbədə qalır, sistem işləmir və s. Bu qəbildən olan problemlər müasir səhiyyə strukturunda görülməyib.
Bir neçə saat öncə fiziki qüsurlu olan bir dostumuzun – Zəfər Hacılının vəfat etdiyini öyrəndim. O, idman sahəsinin vurğunu, ürəyi daim “Qarabağ” klubu ilə döyünən bir azarkeş idi. Onun üç gün əvvəl yazdığı statusu oxudum. Çox dəhşətə gəldim. Yazını olduğunu kimi paylaşıram:
“Bu gün saat 16:57-də nəfəs ala bilməmək, boğulma və güclü öskürək səbəbilə 103-ə zəng etdim. Vəziyyətim hazırda da ağırdır, hələ də normal nəfəs ala bilmirəm.
Bu problem məndə xronikidir, əvvəllər də olub və bilirəm ki, müalicəsiz keçən şey deyil. Bronxlarım tam tutulub, boğulma hissi ilə qalmışam. Təcili Tibbi Yardım gəldi, saturasiyamı ölçdülər və çox aşağı çıxdı.
Məni xəstəxanaya aparmaq istədilər, amma əvvəl zəng edib dedilər ki, qızdırmam çox deyilsə xəstəxana qəbul etməyəcək, geri qaytaracaq. Bu nə yanaşmadır? Bu arada temperaturumu ölçdülər, 38 çıxdı.
Sonra briqadaya deyildi ki, sadəcə qızdırmaya qarşı iynə vurun və gedin. Mənim problemim qızdırmadır? Mən nəfəs ala bilmirəm, boğuluram. Saturasiyam aşağıdır.
Bir insanın bu vəziyyətdə bu cür yola verilməsi açıq-aşkar məsuliyyətsizlikdir. İnsan həyatına bu qədər laqeyd yanaşmaq nə deməkdir? Hələ də ağır vəziyyətdəyəm və real kömək ala bilməmişəm.
Bu məsələ ilə bağlı ciddi araşdırma tələb edirəm. Bu cür yanaşma qəbuledilməzdir”.
Yazıda xəstə bir insanın fəryadı, eyni zamanda onun qəm-qüssəsi, yaxınlarına çağırışı ifadə olunur. Adam yazıb ki, xroniki xəstədir, nəfəs ala bilmir, maddi imkanı yoxdur. Təcili Tibbi Yardımın həkimləri isə gəlib bu fiziki məhdudiyyətli gəncə qızdırma əleyhinə olan iynə vurub gediblər və üç gün sonra o, vəfat etdi, özü də nə əzabla və əziyyətlə. Sonda sanki titrəyə-titrəyə kömək istəyən Zəfər yazır ki, insan həyatına necə laqeyd yanaşmaq olar?
Əziz insanlar, sabah biz də eyni vəziyyətlə üzləşib, köməyə ehtiyac duya bilərik. Bu, hər birimiz üçün siqnal olmalıdır. Özümüzün və yaxınlarımızın sağlamlığına etinasız yanaşmayaq.
Medialive.az informasiya portalının baş redaktoru Mikayıl Mirzəzadə








