Abşeron Rayon İcra Hakimiyyəti “Premyer Prodakşin” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
“Xəbərsiz” xəbər verir ki, qurum şirkətdən Qurban bayramı ilə əlaqədar bayram sovqatları almağı planlaşdırır. Buna görə şirkətə 96 000 manat ödəniləcək.
Bayram sovqatları Abşeron rayonu ərazisində yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə veriləcək. Satınalmanın şərtlərindən məlum olur ki, bayram sovqatları çəkisi ətlə ölçülən paylardan ibarət olacaq. 3 kiloqramdan ibarət 1600 ədəd pay Xırdalan şəhərində, Masazır, Şəfəq, Hökməli və Mehdiabad qəsəbələrində paylanılacaq.
Təxmini hesablamalara görə, icra hakimiyyətinin şirkətdən aldığı ətin 1 kiloqramı 20 manata düşür. Bazarda ətin kiloqramı 17-19 manat arasında dəyişir.
“Premyer Prodakşin” MMC-yə gəlincə, bu şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Şirkətin qalib gəldiyi müsabiqələrdəki satınalma predmetlərinə diqqət yetirdikdə müəyyən suallar yaranır.
Təsəvvür edin, Abşeron Rayon İcra Hakimiyyətinə ət satan “Premyer Prodakşin” MMC həm jurnal, mədəni tərtibat vasitələri, video avadanlıqları satır, həm də turizm sənayesi üzvləri arasında əlaqələrin gücləndirilməsi ilə məşğul olur. Bəzi hallarda isə çap və mətbəə fəaliyyəti göstərir.
Amma nə sirdirsə, satınalma müsabiqələrinin fəal iştirakçısı olan bu çoxprofilli şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, “Premyer Prodakşin” MMC 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Səxavət Fazil oğludur. Səxavət Məmmədov haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Şirkətin hazırda 8739, 75 manat vergi borcu var. Qanunvericiliyə görə vergi borcu olan şirkətlər satınalma müsabiqələrində iştirak edə bilməz.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir. Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, 2003–2005-ci illərdə Nizami rayonunun, 2005–2022-ci illərdə isə Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışıb. //Qaynarinfo.az

















