WUF13 çərçivəsində iştirakçıların daşınması üçün xüsusi nəqliyyat sistemi tətbiq olunacaq.
“Xəbərsiz” xəbər verir ki, bunu brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib.
Onun sözlərinə görə, əsas istiqamətlərdən biri Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə şəhər mərkəzində yerləşən nəqliyyat mübadilə mərkəzləri arasında birbaşa və 24 saat fasiləsiz daşımaların təşkili olacaq. Eyni zamanda hava limanından birbaşa tədbir məkanına və şəhər daxilindəki mübadilə mərkəzlərindən tədbir ərazisinə xüsusi marşrutlar fəaliyyət göstərəcək.
Sistemə ictimai nəqliyyat da inteqrasiya ediləcək. Bu çərçivədə Koroğlu metro stansiyası yaxınlığından tədbir məkanına 24 saat işləyən xüsusi marşrut xətti təşkil olunacaq.
Ümumilikdə, tədbir müddətində 9 nəqliyyat mübadilə mərkəzi (Şıx, İçərişəhər, Nəriman Nərimanov, İzmir, 28 May, Gənclik, Ağ Şəhər, Seabreeze və Koroğlu), 2 şəhərdaxili müntəzəm avtobus xətti və 67 dayanacaqdan istifadə ediləcək. Hava limanı üzrə isə 6 müntəzəm avtobus xətti fəaliyyət göstərəcək.
Qeyd olunub ki, marşrut cədvəlləri əvvəlcədən iştirakçılar və ictimaiyyət üçün açıqlanacaq.

















