SÜLHÜN QƏLƏBƏSİ...
2026-cı il 7 iyun tarixində Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri təkcə bu ölkənin daxili siyasi həyatında deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi trayektoriyasında mühüm hadisə kimi qiymətləndirilə bilər. Nikol Paşinyanın seçkilərdə üstünlük qazanması Ermənistan cəmiyyətində sülhə, sabitliyə və normal gələcəyə artan ehtiyacın siyasi ifadəsi oldu.
Son illər regionda baş verən hadisələr göstərdi ki, hərbi qarşıdurma, işğal siyasəti və ərazi iddiaları həm Ermənistan xalqına, həm də regionun gələcəyinə zərbə vurur.
2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ildə Qarabağda separatizmin tamamilə aradan qaldırılması regionda yeni geosiyasi reallıq formalaşdırdı.
Bu reallığın əsas mahiyyəti beynəlxalq hüquqa əsaslanan münasibətlərin, sərhədlərin toxunulmazlığının və qarşılıqlı əməkdaşlığın ön plana çıxarılması idi.
Məhz bu mərhələdən sonra Prezident İlham Əliyev tərəfindən irəli sürülən sülh gündəliyi Cənubi Qafqazın əsas siyasi istiqamətinə çevrildi. Azərbaycan tərəfi davamlı olaraq kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, iqtisadi əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik prinsiplərinə əsaslanan münasibətlərin qurulmasını təşviq etdi.
Bu siyasət yalnız Azərbaycanın milli maraqlarına deyil, bütövlükdə region xalqlarının rifahına hesablanmış strateji yanaşma idi.
Nikol Paşinyanın seçki kampaniyasında məhz sülh platformasını önə çəkməsi də təsadüfi deyildi. Ermənistan cəmiyyəti artıq uzun illər davam edən qarşıdurma siyasətinin ağır nəticələrini görür və yeni müharibə ritorikasının ölkəni daha dərin böhranlara sürükləyəcəyini anlayır. Ermənistan seçicisinin mühüm hissəsi revanşist çağırışlardan, “miatsum” ideologiyasından və xarici dairələrin bölgədə gərginlik yaratmaq cəhdlərindən uzaqlaşaraq daha rasional seçim etdi.
Bu baxımdan Paşinyanın qələbəsi təkcə bir siyasi qüvvənin uğuru deyil, həm də regionda formalaşan yeni siyasi düşüncənin təsdiqidir. Bu düşüncənin əsasını isə Prezident İlham Əliyevin formalaşdırdığı yeni regional təhlükəsizlik modeli təşkil edir.
Azərbaycan tərəfindən yaradılmış yeni güc balansı və diplomatik təşəbbüslər Ermənistan cəmiyyətində də reallıq hissini gücləndirdi. İnsanlar anlamağa başladılar ki, davamlı inkişafın yolu düşmənçilikdən deyil, əməkdaşlıqdan keçir.
Eyni zamanda seçkilərin nəticələri göstərdi ki, onilliklər boyu Ermənistan siyasətində dominant olmuş radikal millətçilik artıq əvvəlki təsir gücünü itirir. Xarici qüvvələrin bölgədə “parçala və hökm sür” prinsipi əsasında qurmağa çalışdığı siyasi manipulyasiya mexanizmləri də əvvəlki kimi işlək deyil. Çünki region xalqları artıq qarşıdurmadan yorulub və daha təhlükəsiz, iqtisadi baxımdan inteqrasiya olunmuş gələcək istəyirlər.
Bu prosesdə Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə və strateji səbir mühüm rol oynadı. Prezident İlham Əliyevin diplomatik qətiyyəti, milli maraqlarla regional sabitlik arasında yaratdığı balans və sülhə əsaslanan siyasəti Cənubi Qafqazın yeni inkişaf mərhələsinin əsas siyasi dayağına çevrildi.
7 iyun 2026-cı ildə Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri bir daha göstərdi ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin alternativi yoxdur. Region xalqları üçün ən doğru yol qarşıdurmadan deyil, əməkdaşlıqdan keçir. Bu siyasi xəttin əsas müəlliflərindən biri kimi İlham Əliyevin həyata keçirdiyi siyasət artıq təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni siyasi reallıq formalaşdırmaqdadır.
Müəllif: Qəvami Sadıqbəyli





