Redaksiyamıza daxil olan məlumata görə, Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Lalə Bədəlova ilə bağlı cinayət işi başlanıb.
“Xəbərsiz” xəbər ki, araşdırmalar zamanı məktəbdə bir sıra maliyyə pozuntularının aşkarlandığı bildirilir. Qərarda qeyd olunur ki, tədris edilməyən dərs saatlarına görə əməkhaqqının hesablanaraq ödənilməsi, keçirilməyən fərdi dərslər və dərsdənkənar məşğələlər üzrə əsassız ödənişlərin həyata keçirilməsi, eləcə də dövlət əmlakının mənimsənilməsi əlamətləri ilə bağlı faktlar müəyyən edilib.
Sənədə əsasən, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaqın aparılması müstəntiqə həvalə olunub.
Bununla yanaşı, məktəbdə “Son zəng” tədbiri ilə bağlı da pul yığılması iddiaları səsləndirilib. Valideynlərin sözlərinə görə, 11-ci sinifdə təhsil alan 25 şagirddən hər birindən 95 manat vəsait toplanıb.
İddialara əsasən, “WhatsApp” qruplarında sinif rəhbərinə qızıl hədiyyə alınması məqsədilə əlavə vəsait yığılır və valideynlərdən müxtəlif məbləğlərdə ödəniş tələb olunur.
Bundan əlavə, bir qrup şikayətçi valideynin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə çağırıldığı və onlara könüllü pul yığımı ilə bağlı əvvəlcədən hazırlanmış formal xarakterli ərizələrin təqdim edilərək imza atdırıldığı da iddia olunur.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlansa da, suallar cavabsız qalıb.
Xəbərsiz





