Qara dənizdə Türkiyəyə məxsus “STAR II” gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Bu barədə “The Maritime Voice” portalı məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 25-də gecə saatlarında baş verib. Hücum nəticəsində gəminin idarəetmə körpüsü ciddi zədələnib və tamamilə sıradan çıxıb. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Hadisə Qara dənizdə mülki gəmilərə qarşı hücumlarla bağlı narahatlığın artdığı bir vaxtda baş verib. Daha əvvəl Türkiyənin “Transbosphor” gəmiçilik şirkətinin İdarə Heyətinin sədri Mustafa Can Ukraynanı türk ticarət gəmilərinə hücumlarda ittiham edərək bunu “piratlıq” adlandırıb.







