İngiltərə millisinin sabiq futbolçusu Ceydon Sanço İspaniyanın “Xetafe” klubuna keçməkdən imtina edib. Buna səbəb onun Avropadan kənarda fəaliyyət göstərən klubdan aldığı yüksək məbləğli maliyyə təklifidir.
Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, “Xetafe” rəhbərliyi hücum xəttini gücləndirmək məqsədilə Sançonu transfer etmək istəyib. Baş məşqçi Xose Bordalas da komandanın heyətində seçim imkanlarını artırmaq üçün cinah oyunçusunun alınmasını vacib sayıb. İngiltərəli futbolçu isə mövsümün sonunadək komandaya qoşulmaq üçün 3 milyon avro xalis maaş tələb edib.
“Marca”nın yazdığına görə, “Xetafe”nin təklif etdiyi məbləğ bəzi İngiltərə mətbuatında göstərilən 400 min avrodan xeyli yüksək olsa da, futbolçunun maliyyə tələblərini qarşılamağa kifayət etməyib. Sançonun nümayəndələri çərşənbə axşamı İspaniya klubuna keçid variantını gündəmdən çıxarıb və yeni müqavilənin şərtlərini müzakirə etməyə başlayıblar.
Sanço daha əvvəl “Mançester Yunayted”, “Aston Villa”, “Çelsi” və Dortmund “Borussiya”sında çıxış edib. Nəşrin məlumatına əsasən, Səudiyyə Ərəbistanından olan klub futbolçunun Avropadan ayrılmağa görə irəli sürdüyü maliyyə tələblərini ödəməyə hazırlaşır.
“Xetafe” isə hazırda iki boş yerinin olmasına baxmayaraq, cəlbedici fürsət yaranmasa, qış transfer pəncərəsinədək yeni futbolçu axtarışını dayandırmaq qərarına gəlib. İspaniyada qış transfer dövrü yanvarın 2-də açılacaq.
Digər tərəfdən, “Xetafe”nin prezidenti Anxel Torres İspaniya Kral Kubokunun püşkatmasından narazılığını bildirib. O, komandanın “Lebrixa” ilə qarşılaşmaq üçün Əndəlusiyaya səfərinin kluba 60 min avroya başa gələcəyini deyib.










