Elə qadınlar var ki, onların üzündəki təbəssümün arxasında neçə-neçə fırtına qopduğunu heç kim bilmir. Hamı onları güclü sanır, dik duruşlarına baxıb heç nədən qorxmadıqlarını düşünür. Halbuki heç kim bilmir ki, o dik duruşun arxasında neçə gecənin səssiz ağrısı, neçə göz yaşının izi, neçə yarımçıq qalmış ümid yatır.
Bu qadın da həyatın ən acı üzünü görüb. Vaxtsız ana-ata itkisi yaşayıb. İnsan ömrünün ən ağır sınaqlarından biri olan valideyn həsrətini ürəyində daşıyıb. Elə günləri olub ki, bircə dəfə anasının səsini eşitmək, atasının arxasında dayanıb özünü güvəndə hiss etmək istəyib. Amma həyat ona bu təsəllini çox görüb. O, böyüməyə məcbur qalıb .
Bəzən insanın yanında minlərlə adam olur, amma elə bir boşluq yaranır ki, heç kim onu doldura bilmir. Çünki bəzi yoxluqların əvəzi yoxdur, bəzi ayrılıqların təsəllisi yoxdur.
Bütün bunlar azmış kimi, xəyanətlə də üzləşib. Güvəndiyi insanların etibarsızlığını, səmimiyyət sandığı münasibətlərin saxtalığını görüb. Bir vaxtlar ürəyinə yaxın buraxdığı insanların ona yadlaşdığını anlayıb. Hər xəyanət insanın içində nəyisə öldürür bəzən inamını, bəzən sevgisini, bəzən də insanlara olan ümidini…
Bəli, bəlkə də daxilən neçə dəfə dağıldı. Bəlkə heç kimin görmədiyi anlarda göz yaşlarını içinə axıtdı. Bəlkə gecələr başını yastığa qoyanda özünə min dəfə sual verdi: “Mən bu qədər ağrını necə daşıyıram?
Niyə həyat məni bu qədər sınağa çəkir?”
Amma səhər açıldı və o yenə ayağa qalxdı. Yenə saçını daradı, üzünə təbəssüm gətirdi, həyatın qarşısına dik çıxdı. Çünki başa düşdü ki, onu ayaqda saxlayacaq kimsə yoxdursa, özünə dayaq olmağı öyrənməlidir.
Heç kim əlindən tutmursa, öz əlindən özü tutmalıdır.O qadın güclü doğulmadı, həyat onu güclü olmağa məcbur etdi.
Onun sərt görünən baxışlarının arxasında kövrək bir ürək, susqunluğunun içində danışılmamış min söz, təbəssümünün altında gizlənmiş min kədər var. O, hər kəsə gülümsəyə bilər, amma bu, ağrılarının bitdiyi demək deyil. O, hər kəsə kömək edə bilər, amma bu, özünün köməyə ehtiyacı olmadığı anlamına gəlmir.
Bəzən ən güclü qadınların da bircə dəfə “Sən necə dözürsən?” sualını eşitməyə ehtiyacı olur. Çünki onlar da insandırlar. Onların da ürəyi ağrıyır, onların da sevilməyə, qorunmağa, qayğı görməyə ehtiyacı var. Sadəcə, həyat onlara göz yaşlarını gizlətməyi, yaralarını sarıyıb yoluna davam etməyi öyrədib.
Bu qadın artıq bilir, hər gələn dost deyil, hər deyilən söz səmimi deyil, hər uzanan əl səni ayağa qaldırmaq üçün uzanmır. O, insanları tanımağın bəzən illər, bəzən isə bircə xəyanət qədər vaxt apardığını öyrənib.
Amma bütün bunlara baxmayaraq, ürəyini daşa çevirməyib. Bəlkə əvvəlki kimi tez inanmır, əvvəlki kimi hər kəsə sirrini açmır. Amma hələ də insanlığını qoruyur. Çünki onun ən böyük qələbəsi başına gələnlərə bənzəməməsidir.
Həyat ondan çox şey aldı. Sevdiklərini aldı, rahatlığını aldı, bəzi arzularını əlindən aldı. Amma bir şeyi ala bilmədi,özü ilə yenidən başlamaq gücünü!
Bu gün o qadın geriyə baxanda yalnız itkilərini görmür. O, bütün ağrıların içindən keçib bu günə gəlib çıxan özünü də görür. Hər yarası ona bir həqiqət öyrədib, hər xəyanət onu bir az da ayıldıb, hər ayrılıq öz ayaqları üstündə dayanmağı öyrədib.
İndi o, heç kimə güclü görünmək məcburiyyətində deyil. Heç kimə nəyisə sübut etmək borcu yoxdur. O, sadəcə, yaşamaq, nəfəs almaq, ürəyinin sakitliyini tapmaq və bundan sonrakı ömrünü özünə həsr etmək istəyir.
Çünki o da xoşbəxtliyə layiqdir. O da qayğıya, sevgiyə, səmimiyyətə layiqdir. O da bir gün başını rahatca yastığa qoyub sabahdan qorxmadan yatmağa layiqdir.
Ey həyatın bütün ağrılarını səssizcə daşıyan qadın!
Unutma, sən yaşadıqlarından ibarət deyilsən. Sən itirdiklərin deyilsən. Sənə edilən xəyanətlər, qırılan ümidlərin, tökülən göz yaşların deyilsən. Sən bütün bunlara baxmayaraq ayaqda qalmağı bacaran insansan.
Səni yarı yolda qoyanlara ən böyük cavabın yoluna davam etməkdir. Səni dəyərsiz hiss etdirənlərə ən böyük cavabın öz dəyərini özün bilməkdir.
Və bir gün güzgüyə baxanda özünə belə de,
Mən çox ağladım, amma məğlub olmadım. Çox itirdim, amma özümü itirmədim. Çox aldandım, amma insanlığımı itirmədim. Çünki mənim hekayəm göz yaşlarımla bitmir. Mənim hələ yaşayacağım günlər, gerçəkləşəcək arzularım var.
Çünki bəzən bir qadının ən böyük zəfəri dünyanın bütün amansızlıqlarına baxmayaraq özünü qoruyub saxlamaqdı.
Gülşən Behbud










