Ədəbiyyat ilkin olaraq nəzm üstündə yaradılmışdır. Nəzm dedikdə yəni vəzni, qafiyəsi və rədifi olan, sözlərin xüsusi bir ahənglə nizamlandığı şeir forması nəzərdə tutulur. Zaman keçdikcə, dünyanın inkişafı ilə əlaqədar olaraq bir çox sahələr, elmlər inkişaf etdiyi kimi, ədəbiyyat elmi də inkişaf mərhələsinə qədəmini qoymuşdur ki, bu inkişafın bəhrəsi olaraq da nəsr formaları ortaya çıxmışdır. Yəni, inkişaf etməkdə olan dünya ilə nəzm üsulu çox ayaqlaşa bilmədiyi üçün ədəbiyyatın nəsr qolunun yaranmasına ehtiyac duyulmuşdur. Çünki nəsrdə, nəzmdən fərqli olaraq yazıçı üçün daha geniş qapılar açılırdı ki, bunun nəticəsində də o, dərin fikirlər ilə inkişaf etməkdə olan dünya düzəni ilə ayaqlaşa bilirdi. Nəzm şairi bir növ dar çərçivədə saxlayırdı, onun daha irəliyə addımlamasına imkan vermirdi. Dərin düşüncələr və dərin fikirlər nəzmdən fərqli olaraq nəsr üslubunda daha rahat, daha aydın oxucuya izah olunurdu və ya çatdırılırdı.
Ədəbiyyatın nəsr tipinin inkişafını bəzi ziyalılar daha keçmiş zamanlara bağlasalar da, amma bu tipin əsas inkişaf mərhələsinə qədəm qoyması XVII əsrin əvvəllərində işıq üzü görmüş Migel de Servantesin “Don Kixot” romanı ilə bağlıdır. Bu tarixdən sonra ədəbiyyatın nəsr qolu daha güclü inkişaf mərhələsinə ayaq basmışdır. Hadisələrin davamında başınızı çox ağrıtmadan bildirmək istəyirəm ki, ədəbiyyatın nəsr qolu 1800-cü illərdə Viktor Hüqoların, Dostoyevskilərin, Tolstoyların təqdimatında ən yüksək inkişaf mərhələsinə çatmışdır. Yuxarıda adları sadalanan dahilərin və digərlərinin timsalında ədəbiyyatın nəsr qolu bədiiliyi, təsvirləri, ifadə vasitələri ilə inkişaf etməkdə olan dünya düzəni ilə ayaqlaşaraq, bir elm olaraq öz yerini tutmuş oldu.
Sualım isə belədir. Bəs indi necə? Yəni, XXI əsrdə keçmiş nəsr qolu indiki dünya düzəni ilə ayaqlaşa bilirmi? İndiki oxucunun istək və arzularına XIX əsrin nəsr üslubu cavab verirmi? Sualımı daha da açıqlayaraq bildirmək istəyirəm ki, ədəbiyyatın nəsr qolunda verilən bədiilik, təsvirlər, ifadə vasitələri bu günün tələbinə uyğundurmu?
Məncə Viktor Hüqo, Dostoyevski, Tolstoy bu günün yazıçıları olsaydılar, onlar heç vaxt əsərlərində bu qədər çoxlu təsvirlərdən, ifadə vasitələrindən istifadə etməzdilər. Çünki onlar düşünə bilən insanlar olduqları üçün zamanın tələbinidə mütləq şəkildə nəzərə alacaqdılar. Zamanın tələbi nədir? İndi sizləri bir balaca daha keçmişə 1800-cü illərə aparıram. İnsanlar informasiyanı yalnız çap mediyalarından, yəni, qazetlərdən, kitablardan, əsərlərdən əldə edirlər. Bu səbəbdən də qazetlərin, kitabların, əsərlərin müəllifləri yaxşı qazanırdılar. Əsərin böyük olmasına görə daha çox qonorar əldə edirdilər. Amma indi isə insanlar üçün informasiya əldə etməyə kifayət qədər mənbələr vardır. Biz bunları sadalamağa başlasaq, gərək mövzudan uzaqlaşaq. Keçmişdə informasiya əldə etmək üçün bir növ hardasa məcburiyyət amili də vardı, amma indi yoxdur.
Məncə bu günkü gün əsərdə bir prototipin xarici görkəmini və ya hadisələrin cərəyan etdiyi məkanı 2 — 3 vərəq təsvir etməyə həm ehtiyac yoxdur, həm də bu zamanın tələbi deyildir. Yaxud, Parisin, ya Londonun qışını, payızını da oxucuya izah etməyə heç ehtiyac yoxdur. Çünki oxucu “youtube.com” saytına girərək bütün şəhərlərin qışını, yazını, payızını öz gözləri ilə görməklə bərabər, həm də kifayət qədər, informasiya əldə edə bilir. Və yaxud da həmin şəhərlərin fəsillərini öz gözləri ilə görmək bugünkü gün elə də çətin deyil. Keçmiş dövrlərdə yazıçılar prototiplərin və ya fəsillərin xarici təsvirini geniş formada verməklə bir növ mədəniyyətin xüsusi və ayrılmaz tərkib hissələrindən biri olan rəssamlıq sənəti üçün də böyük bir təkan vermiş olurdular. Amma bəs bugünkü gün vəziyyət necədir? İnsanlar özləri internetdən istədikləri formada prototipin və ya fəsilin görünüşünü asanlıqla ala bilirlər.
Müasir zamanla ayaqlaşmaq üçün, məncə, bədiiliyi və təsvirləri nəzm formalarında saxlamaq daha məsləhətlidir. Nəsr formalarını isə bu günün tələbinə uyğun olaraq bir istiqamət üzrə inkişaf etdirmək, digər bir istiqamət olaraq isə oxucunun zövqünə uyğun sadələşdirmək lazımdır. Nəzmdə isə, bəli, bədiiliyin və təsvirin rahatlıqla dərinliyinə enə bilərik.
Məsələn, Bəxtiyar Vahabzadənin dediyi kimi…
Duman tək dağlara çəkilən mənəm,
Budaqlar üstündə quş tək dinən sən.
Payızda yarpağı tökülən mənəm,
Ömrün yaz çağında çiçəklənən sən.
Nəzm üslubu həm qısa, həm də qafiyə ilə olduğu üçün bədiilik və təsvir insana daha gözəl təsir bağışlayır. Fikir də tez zamanda tamamlandığı üçün oxucu qətiyyən yorulmur. Ahaaa!.. Oxucunun yorulması məsələsi… Bəli, əzizlərim, indiki dövrün oxucusu tələsir, səbrsizdir, konkretlik istəyir bizdən. Onun informasiya əldə etmək üçün kifayət qədər vasitələri əlində vardır. Necə ki, günlərin bir günü mənimlə birlikdə yeni iş fəaliyyətinə başlayan savadlı gənclərə “hansı kitabları oxumusunuz?” — sualını verərkən, məni çox məyus edən aldığım cavablar kimi…
Deməli, 600-dən çox bal toplayan gənc mənə dedi ki, Dostoyevskinin “Cinayət və Cəza” əsərini 10 vərəq oxumuşdum ki, kitaba bir təpik vurdum, uçub getdi. Halbuki bu əsər bəzi kitab blogerləri tərəfindən “Səfillər”dən də üstün tutulur. Bundan sonra savadlı digər iki gəncə eyni sualı da ünvanlamış oldum ki, onların cavabları isə təxminən belə oldu: Biz keçmiş yazıçıların əsərlərini oxuyanda yoruluruq, səbrimiz çatmır.
Bir cəmiyyətin inkişaf etmə atributlarından biri də məhz yazıçılıqdır, nəsr üslubudur. İndi bu günün tələbinə uyğun olaraq bu yazıçılığı necə inkişaf etdirək axı? İnsanları kitab oxumağa necə həvəsləndirək? İndi bəziləri qalxıb deyəcək ki, oxumurlar, oxumasınlar, gedib cahillikləri ilə məşğul olsunlar. Sizcə, bu, çıxış yoludur mu? Bizim yazıçılıq, inkişaf etməkdə olan dünya düzənində, uduzmalıdır? Bu günün oxucusunun neçə faizi “Səfillər”i, “Atalar və oğullar”ı oxuyub? “Anna Karenina”nı, Annanın xəyanətini eşidib həvəslənib oxuyurlar, Levin prototipinə gəldikdə bezib kitabı tullayırlar. Yaxud həmin yerləri ötürə-ötürə oxuyurlar. Düzdür orada dahi Lev Tolstoy, Levin prototipi ilə insanlara çox dərin mövzuları agah edir. Amma bunu görəsən neçə faiz insan başa düşür?
Dahi Mirzə Fətəli Axundov insanlara öz dərin fikirlərini çatdırmaq üçün komediya janrını tapdı. O, bu yol ilə neçə illər dinin içində olmuş bir toplumu elmə həvəsləndirdi. Onun zamanında yaşayan insanlara birdən-birə durub, elmdən, təhsildən danışsaydın, bunun heç bir mənası olmayacaqdı. Dahi Mirzə Fətəli bunu çox gözəl müəyyən etmişdi. Buna görə də insanların beyinlərini açmaq üçün öz düşüncələrini komediya formasında onlara çatdırmağa çalışdı. Deyərdim ki, kifayət qədər də başarılı oldu. Onun başlatdığı yolun davamı olaraq Mirzə Cəlillər, Sabirlər, Həsən bəy Zərdabilər ortaya çıxdı ki, onların təkanı ilə də növbəti nəsillər Cümhuriyyəti qurdu. Bir cəmiyyətin ziyalıları heç vaxt birdən-birə ortaya çıxmır. Onlar neçə dalğalara sinə gərmiş kapitanların mübarizələrinin təcəssümüdür.
Biz meyxanaçıları tənqid etdiyimiz zamanda günlərin bir günü bir meyxanaçı çıxıb dedi: “Yaxşı əsərlər yazın, insanlar kitab oxusunlar, meyxanaya qulaq asmasınlar.” Mən dedim düz deyir, sözündə həqiqət var. Yaxşı, indi biz necə insanları kitab oxumağa həvəsləndirməliyik?.. Əgər bizim yazdıqlarımızı oxuyan olmayacaqsa, bizim yazılarımızın nə mənası var? Hazırki gənclərin çoxu müəyyən sertifikatlar almaq, dil öyrənmək və s. sahələr üzrə əsasən biliyini artırmağa meyillidir. Onların demək olar çoxu kitab oxumağa qətiyyən meyilli deyildir. İndi biz müasir cavanları, gəncləri kitab oxumağa həvəsləndirmək üçün hansı vasitələrdən istifadə edirik? Yaxud onların müasir zövqünü nəzərə alırıqmı?
Mən yazdığım əsərlərdə birinci riayət etdiyim üslub, müasir oxucunun tələbi olan axıcılıqdır. Mənim “Əks qütblərin dostluğu” əsərim çox axıcı əsər olsa da, iri həcmli əsər olduğu üçün çox insan əlinə almağa qorxurdu. Çünki oxucunun çoxu iri cild görən kimi düşünür ki, bu da yəqin Tolstoyun, Dostoyevskinin kitabı kimi ağır kitabdır. Mən oxuculara yalvarmaqdan yorulmuşdum ki, “Vallah, mən əsərlərimi çox sadə dildə yazıram”. Hadisələrin davamında gecəmigündüzümə qataraq tez “Kənan və Aylin” əsərimi də çox da böyük həcmli olmamaqla ortaya çıxardım ki, oxucular mənim sadə dildə əsər yazdığımı bilsinlər. Halbuki, “Kənan və Aylin” əsərini bir az daha böyük həcmdə yazmağı düşünürdüm. İkinci əsərimi oxuduqdan sonra nə qədər oxucunun birinci əsərimə doğru gəldiyinin şahidi oldum.
Fikirlərimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, ədəbiyyatın nəsr üslubunda müasir dövrün tələblərini nəzərə alaraq təsvirləri mütləq formada böyük həcmdə azaltmaq lazımdır. Onun yerinə romanlarımızda müəyyən elmlərdən məlumat vermək, dünyada gedən proseslərdən danışmaq və digər maraqlı dərin mövzulara toxunmaq daha maraqlı olar. Həmçinin həddindən artıq çox bədiilik də bir növ süniliyin başlanğıcıdır. Biz isə həqiqətlərlə öz ədəbiyyatımızı zənginləşdirərək gözəlləşdirməyə çalışmalıyıq. Fikrimcə, əsərlərimizdə əsasən dərin düşüncəyə, elmi məlumatlara, müasir dövrün problemlərinə və tələblərinə daha çox yer ayırmaq lazımdır.
Yazıçı Mirhicab Abdullayev










