Məzmuna keç

Qazın qiyməti 1200 dollara yaxınlaşır – Qışla bağlı bəd proqnoz

Avropada təbii qazın qiyməti yenidən bahalaşaraq min kubmetr üçün 1160 dolları ötüb. Qış mövsümü ərəfəsində enerji bazarında yaranan narahatlıqlar qiymət artımını sürətləndirir.

Londonun ICE birjasının məlumatına görə, dekabr fyuçerslərinin qiyməti 3 faiz artaraq 1163,7 dollara çatıb.

Qeyd edək ki, qazın qiyməti bazar ertəsi 2022-ci ildən bəri ilk dəfə 1100 dolları keçib. Həmin ilin yazında tarixi rekord qeydə alınmış, min kubmetr qaz 3892 dollara yüksəlmişdi.

Bahalaşmanın əsas səbəblərindən biri Yaxın Şərqdəki münaqişədir. Mart ayında Avropada qazın orta birja qiyməti fevral ayı ilə müqayisədə təxminən 60 faiz artıb. Sentyabrda isə qiymətlər aylıq ifadədə 20 faiz yüksələrək 897 dollara çatıb.

Avropa İttifaqının yeraltı qaz anbarlarının doluluq səviyyəsi sentyabrın sonunda 71,5 faizdən bir qədər çox olub. Bu, 2011-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. ENTSOG-un proqnozuna görə, LNG tədarükündə məhdudiyyətlər davam edərsə, qışın sonunda anbarlardakı ehtiyatlar tutumun 11 faizinə qədər azala bilər.

Avqustda ekspertlər qışda qazın qiymətinin 1200 dolları keçə biləcəyini proqnozlaşdırmışdılar. Oktyabrda qiymətlərin artıq 1100 dolları aşması bu ehtimalı gücləndirib.

Avropa Komissiyası isə mülayim qış gözləntiləri fonunda qaz anbarlarının doldurulması üzrə hədəf göstəricini 80 faizə endirməyə hazırdır.