Qazaxıstanın “KazMunaiGaz” (KMG) şirkəti və Almaniyanın “Rosneft Deutschland GmbH” şirkəti Almaniyaya neft tədarükü üçün mövcud müqavilənin müddətini 2026-cı ilin sonuna qədər uzadıblar.
“Xəbərsiz” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Məlumata görə, yenilənmiş şərtlərə əsasən, aylıq tədarük həcmi 100 min tondan 130 min tonadək artacaq.
Müqavilənin şərtlərinə əsasən, neft Rusiya ilə sərhəddə yerləşən Qərbi Qazaxıstan vilayətində neft hasil edən Karachaganak Petroleum Operating B.V.-nin resurslarından tədarük ediləcək.
2024-cü ildən Almaniyaya tədarük edilən neftin bir hissəsi də Xəzər dənizindəki Kaşaqan yatağından, 2025-ci ildən isə Xəzər dənizindəki Tengiz yatağından tədarük ediləcək.
Müqavilənin uzadılması və tədarük həcminin artırılması barədə qərar “KazMunaiQaz” və “Rosneft Deutschland” şirkətlərinin rəhbərləri Asxat Xasenov və Yohannes Bremer arasında aparılan danışıqlar nəticəsində qəbul edilib. Tərəflər enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.
Almaniyanın Schwedt neft emalı zavoduna Qazaxıstan neftinin tədarükü 2023-cü ildə başlayıb. Onlar Rusiya, Belarus və Polşadan keçən Drujba kəməri ilə həyata keçirilir. 2025-ci ilin doqquz ayı ərzində Qazaxıstandan Schwedt neft emalı zavoduna tədarükün həcmi təxminən 1,5 milyon ton təşkil edib.
Əli Hacı







