Kremlin sözçüsü Dmitri Peskov Ankoric sammiti zamanı ABŞ-ın təklif etdiyi Ukrayna nizamlama planının təfərrüatlarını açıqlamaqdan imtina edib.
“Xəbərsiz” bildirir ki, o, həmçinin Amerika konsepsiyasının Rusiyanın təhlükəsizlik zəmanətləri və əvvəlki İstanbul razılaşmaları ilə bağlı baxışı ilə necə uyğunlaşdığına dair şərh verməkdən imtina edib.
“Xeyr, mən bunu açıqlaya bilmərəm”, – Peskov TASS-ın bununla bağlı sualına cavab verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın “Ultrahang” YouTube kanalına müsahibəsində bildirib ki, prezident Vladimir Putin Alyaskada ABŞ lideri Donald Trampla danışıqları zamanı Vaşinqtonun təklif etdiyi konsepsiya əsasında Ukraynadakı münaqişəni həll etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Lavrovun sözlərinə görə, Putin ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun təqdim etdiyi planın hər bir elementini ətraflı şəkildə təkrarlayıb və bütün bu məqamlar ABŞ tərəfi tərəfindən təsdiqlənib. Bunun ardınca Rusiya prezidenti bəyan edib ki, Moskva bu çərçivəni qəbul etməyə və “təklif olunan bazanın praktikada tətbiqində irəliləməyə” hazırdır. Bununla belə, Lavrov qeyd edib ki, təklif Vaşinqtondan birbaşa cavab almayıb.
Əli Hacı







