Rusiya Federasiyasının Arktika Zonasında 2035-ci ilə qədər yaşayış məntəqələrinin inkişafı üzrə kompleks planlar çərçivəsində 500-dən çox tədbirin həyata keçirilməsi üçün təxminən 3 trilyon rubl (37 milyard dollar) tələb olunur.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya baş nazirinin müavini və prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev TASS-a bildirib.
Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, hökumət Arktikada yaşayış məntəqələrinin inkişafı üçün kompleks planı təsdiqləyib.
“Uzunmüddətli planlaşdırılan 516 tədbir üçün zəruri maliyyə 2,9 trilyon rubl təşkil edir ki, bunun da 60%-i büdcədənkənar mənbələrdən gəlir”, – baş nazirin müavini bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlərin 29%-i mənzil şəraitinin yaxşılaşdırılması, mənzil infrastrukturunun yenilənməsi və abadlıq işlərinə yönəlib. Çukotka Muxtar Vilayətində yeni yaşayış evləri tikiləcək, Arxangelsk və Murmanskda su təchizatı şəbəkələri çəkiləcək, Vorkutada həyətyanı sahələr abadlaşdırılacaq. Bundan əlavə, tədbirlərin 23%-i turizm, idman və mədəniyyət infrastrukturlarının yaradılmasına yönəlib.
Əli Hacı







