4 may 2026-cı ildə Yerevan şəhərində keçirilən Avropa Siyasi Şurasının sammiti Cənubi Qafqazın son illərdə ən diqqətçəkən diplomatik hadisələrindən biri kimi qiymətləndirilir.
Sammitdə Avropanın təxminən 50 dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir. Toplantının rəsmi gündəliyinə : əsasən Avropa təhlükəsizliyi, enerji marşrutları, regional sabitlik, nəqliyyat-kommunikasiya əlaqələri və xüsusilə Ukrayna ətrafında yaranmış geosiyasi vəziyyət daxildir.
Toplantıda Ukrayna prezidenti Volodimir Zelenski də daxil olmaqla çoxsaylı liderlərin iştirakı gözlənilir. Avropa Siyasi Şurasının bu sammitinn Ermənistanda keçirilməsi təsadüfi deyil. Son illərdə Avropada təhlükəsizlik arxitekturası ciddi surətdə sarsılıb. Rusiya-Ukrayna müharibəsi, enerji təchizatının yenidən qurulması, Şərqi Avropa və Cənubi Qafqazda təsir uğrunda rəqabət ; Avropa liderlərini yeni siyasi koordinasiya mexanizmləri yaratmağa vadar edib. Məhz bu səbəbə görə Avropa Siyasi Şurasının sammitinin İrəvanda keçirilməsi – siyasi zərurətdən doğan məsləhətləşmə və geosiyasi istiqamətləndirmə platforması kimi çıxış edir. Bu sammitə məhz Ermənistanın ev sahibi seçilməsi isə rəmzi xarakter daşıyır.
Qeyd etmək lazımdır ki, sammitin siyasi mahiyyəti təkcə diplomatik görüşdən ibarət deyil. Bunun arxasında duran əsas geosiyasi məntiq — Ermənistanı tədricən Russiyanın ənənəvi təsir dairəsindən uzaqlaşdırmaq və onu daha sıx şəkildə Avropa Birliyinin orbitinə yaxınlaşdırmaq cəhdidir. Bu addım Ermənistanın siyasi, iqtisadi və təhlükəsizlik baxımından Avropa strukturlarına bağlanması prosesi kimi görünür. Son aylarda enerji, nəqliyyat, rəqəmsal bağlantı və təhlükəsizlik əməkdaşlığının gündəmə gətirilməsi də həmin kursun davamı kimi dəyərləndirilir.
Azərbaycanın prezidenti İlham Əliyev və Türkiyənin prezidenti Rəcəp Tayyip Ərdoğanın toplantıya qatılmamasının əsas səbəbi isə Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin hələ imzalanmamasıdır. Bakı bu mərhələdə İrəvanda yüksək səviyyəli iştirakın siyasi baxımdan yanlış mesaj yarada biləcəyini nəzərə alır. Türkiyə isə bölgədə strateji müttəfiqi olan Azərbaycanın mövqeyinə həssas yanaşır. Bu səbəbdən hər iki liderin sammitdən kənarda qalması ; diplomatik jestdən daha çox, regional siyasi hesablamanın nəticəsi kimi görünür. Bütün bu reallıqlarla yanaşı , Avropa Siyasi Şurası Sammitinin Azərbaycana mümkün təsiri həm müsbət, həm də ehtiyat doğuran məqamlar yaradır. Müsbət tərəf ondan ibarətdir ki, Cənubi Qafqazın Avropa gündəminə çıxması ; regionda kommunikasiya, enerji və sabitlik məsələlərinə əlavə beynəlxalq diqqət gətirir. Bu isə Azərbaycanın tranzit, enerji və geosiyasi əhəmiyyətini daha da artırır.
Digər tərəfdən isə əgər İrəvanın Avropa ilə yaxınlaşması balanslı aparılmazsa və proses anti-Rusiya platforması ilə yanaşı anti-Azərbaycan siyasi xəttinə çevrilərsə ; bu, bölgədə yeni gərginlik elementləri yarada bilər. Beləliklə, 4 may 2026-cı il tarixli Avropa Siyasi Şurasının Yerevan summiti sadəcə növbəti beynəlxalq toplantı deyil ; bu sammit, əslində, Cənubi Qafqazın gələcək geosiyasi düzəninə təsir göstərə biləcək strateji hadisədir. Ermənistan üçün bu, Qərbə doğru siyasi istiqamətlənmənin nümayişidir ; Azərbaycan üçün isə regionda formalaşan yeni qüvvə balansını diqqətlə izləmək zərurətini daha da artıran mühüm siqnaldır.
Müəllif : Qəvami Sadıqbəyli

















