Beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsində Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında formalaşan tərəfdaşlıq regional siyasi münasibətlərin yeni keyfiyyət qazanmasını səciyyələndirən mühüm proseslərdən biridir. Ortaq tarixi köklər, mədəni-mənəvi yaxınlıq və qarşılıqlı hörmət prinsipləri üzərində təşəkkül tapmış bu münasibətlər Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində daha geniş geosiyasi məzmun qazanaraq dövlətlərarası əməkdaşlığın dayanıqlı sisteminə çevrilir. Xüsusilə son dövrlərdə qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi məsləhətləşmələrin davamlı xarakter alması və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin genişlənməsi Azərbaycanın Mərkəzi Asiyanın siyasi gələcəyinin formalaşmasında artan rolunu nümayiş etdirir.
Prezident İlham Əliyevin 2026-cı ildə Qazaxıstana, Qırğızıstana, Özbəkistana və Türkmənistana həyata keçirdiyi səfərlər bu baxımdan vahid diplomatik strategiyanın ardıcıl mərhələləri kimi qiymətləndirilməlidir. Həmin səfərlərin siyasi əhəmiyyəti imzalanmış sənədlərin və keçirilmiş yüksəksəviyyəli görüşlərin çərçivəsini aşaraq qarşılıqlı maraqların uzlaşdırılması, regional məsələlərdə məsləhətləşmə ənənəsinin möhkəmləndirilməsi və strateji qərarların əlaqələndirilməsi imkanlarında özünü göstərir. Azərbaycan bu prosesdə dövlətlərin suveren bərabərliyinə, milli maraqlarına və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər modelinin inkişafına mühüm töhfələr verir.
Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsi məhz həmin siyasi etimadın institusional ifadəsidir. Bu qərar ölkəmizin regionla əlaqələrinin mövcud səviyyəsinə verilən yüksək qiymətlə yanaşı, gələcək əməkdaşlığın birgə müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə qəbul olunmuş Birgə Bəyanat və tənzimləyici sənədlərə dair qərar isə dövlətlərarası dialoqun təşkilati əsaslarının möhkəmləndirilməsinə xidmət edən növbəti siyasi addımdır.
Münasibətlərin xüsusi diqqət çəkən istiqamətlərindən biri qarşılıqlı həmrəyliyin konkret humanitar layihələr vasitəsilə ifadə olunmasıdır. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın isə Füzulidə məscid tikintisi təşəbbüsü ilə çıxış etməsi qardaş ölkələrin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı quruculuq prosesinə mənəvi və əməli dəstəyinin göstəricisidir. Bu layihələrin ictimai-siyasi əhəmiyyəti onların sosial təyinatı ilə yanaşı, ortaq tarixi yaddaşın və dövlətlərarası etimadın gələcək nəsillərə ötürülməsində də təzahür edir.
Digər mühüm məsələ regional təhlükəsizliklə iqtisadi inkişaf arasındakı qarşılıqlı asılılığın düzgün qiymətləndirilməsidir. Mövcud beynəlxalq şəraitdə siyasi sabitliyin qorunması, nəqliyyat əlaqələrinin təhlükəsizliyi və iqtisadi tərəfdaşlığın davamlılığı bir-birini tamamlayan strateji amillərdir. Prezident İlham Əliyevin Məşvərət görüşündə sülhün və sabitliyin əhəmiyyətini xüsusi vurğulaması Azərbaycanın regional əməkdaşlığa uzunmüddətli təhlükəsizlik və ortaq inkişaf maraqları prizmasından yanaşdığını göstərir.
Beləliklə, Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin bugünkü inkişaf səviyyəsi tarixi yaxınlığın müasir diplomatiyanın imkanları ilə uzlaşdırılmasının uğurlu nümunəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan bu məkanda qarşılıqlı etimadın möhkəmlənməsinə, ortaq maraqların əlaqələndirilməsinə və siyasi dialoqun davamlılığının təmin olunmasına töhfə verən nüfuzlu tərəfdaşa çevrilmişdir. Bu istiqamətdə əldə olunan nəticələr Xəzər hövzəsində daha geniş siyasi həmrəyliyin formalaşmasına, dövlətlərarası münasibətlərin uzunmüddətli strateji əsaslar üzərində inkişafına və bütövlükdə regionun beynəlxalq mövqeyinin güclənməsinə əlverişli şərait yaradır.
Rövşən Muradov – deputat










