Məzmuna keç

Azərbaycanın Mərkəsi Asiyada möhkəmlənən rolu – TƏHLİL

8 Oktyabrın 2026-cı il tarixində Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekununda qəbul edilmiş Birgə Bəyanat Azərbaycanın regiondakı mövqeyinin və rolunun daha da gücləndiyini göstərən mühüm siyasi sənəddir.

Bəyanatda Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakının vurğulanması xüsusi əhəmiyyət daşıyan məsələ kimi qeyd olunub. Bu, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin artıq ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq, daha geniş regional tərəfdaşlıq formatında inkişaf etdiyini göstərir.

Sənəddə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi ; regional təhlükəsizliyin təmin olunması, terrorizm, ekstremizm, transmilli cinayətkarlıq, narkotik və silahların qanunsuz dövriyyəsi, insan alveri və kibercinayətkarlıqla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.

Bəyanatın mühüm istiqamətlərindən biri də iqtisadi, texnoloji və humanitar əməkdaşlığın genişləndirilməsidir. Sənəddə rəqəmsal transformasiya, süni intellekt, innovasiyalar, sənaye, tibb, əczaçılıq, ekologiya, turizm, təhsil, mədəniyyət, incəsənət və gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Xüsusilə 2026-cı il oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Sammitinə hazırlıq işlərinin yüksək qiymətləndirilməsi — Azərbaycanın beynəlxalq və regional dialoq məkanı kimi artan nüfuzunun daha bir göstəricisidir.

Beləliklə, Türkmənbaşı Birgə Bəyanatı Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir. Azərbaycanın bu platformada tamhüquqlu iştirakı həm regional inteqrasiyanın dərinləşməsi, həm də təhlükəsizlik, iqtisadi inkişaf və humanitar əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Müəllif : Qəvami Sadıqbəyli