Məlum olduğu kimi, İtaliyanın baş naziri Corcia Meloni 4 may 2026-cı il tarixində Azərbaycana səfərə gəlmişdi.
İlham Əliyev ilə xanım Corcia Meloni arasında Bakıda keçirilən yüksək səviyyəli görüş adi diplomatik protokol hadisəsi kimi deyil; dəyişən beynəlxalq münasibətlər sistemində strateji məna daşıyan siyasi hadisə kimi yadda qaldı. İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi.
Müasir Avropa siyasətinin ən həssas məsələlərindən biri enerji təhlükəsizliyidir. Xüsusilə Rusiya–Ukrayna müharibəsinin dərinləşdirdiyi enerji böhranı fonunda Avropa dövlətləri yeni və etibarlı enerji mənbələri axtarışını sürətləndiriblər. Bu mənzərədə Azərbaycan artıq sadəcə enerji ixracatçısı deyil; Avropanın strateji enerji təhlükəsizliyində mühüm rol oynayan tərəfdaşa çevrilib.
Diqqət çəkən məqam ondan ibarətdir ki, İtaliya hazırda Azərbaycan qazının Avropadakı əsas alıcılarından biridir. Xüsusilə Trans Adriatik Kəməri vasitəsilə qurulan enerji əməkdaşlığı artıq təkcə iqtisadi deyil; siyasi sabitlik amili kimi də çıxış edir. Bu enerji xətti İtaliyanın daxili bazarının təmin olunmasında mühüm rol oynamaqla yanaşı; ölkənin Aralıq dənizi hövzəsində enerji qovşağı statusunu gücləndirir.
Lakin Corcia Meloninin Bakı səfərinin əhəmiyyəti yalnız enerji məsələləri ilə məhdudlaşmır.
Hazırkı geosiyasi reallıqda Azərbaycanın bəzi Avropa paytaxtları ilə münasibətlərində müəyyən siyasi soyuqluq müşahidə olunur. Belə bir dövrdə İtaliyanın Bakıya münasibətdə nümayiş etdirdiyi praqmatik və balanslı xətt xüsusi əhəmiyyət qazanır. Roma faktiki olaraq Azərbaycan ilə Avropa Birliyi arasında siyasi dialoq üçün etibarlı körpü rolunu oynayır.
Bu kontekstdə Corcia Meloni müasir Avropa siyasətində fərqlənən lider obrazı sərgiləyir. O, emosional populizmdən daha çox milli maraqlara söykənən rasional qərarvermə modeli ilə seçilir. Gənc dövlət xadimi kimi onun ən mühüm keyfiyyətlərindən biri mürəkkəb beynəlxalq şəraitdə siyasi cəsarət ilə praqmatizmi uzlaşdırmaq bacarığıdır.
Meloninin şəxsi siyasi portretində bir neçə xüsusiyyət xüsusilə diqqət çəkir.
Birincisi, o, prinsipiallıqla çevik diplomatiyanı birləşdirə bilir. İkincisi, regional hadisələri yalnız ideoloji prizmadan deyil, strateji maraqlar müstəvisindən dəyərləndirir. Üçüncüsü isə, gənc yaşına baxmayaraq, Avropanın dəyişən siyasi arxitekturasında özünəməxsus çəkisi olan liderlərdən birinə çevrilib.
Məhz bu keyfiyyətlər onun Azərbaycana səfərini daha məzmunlu edir. Çünki bu səfər yalnız ikitərəfli münasibətlərin texniki müzakirəsi deyil; həm də Cənubi Qafqazla Avropa arasında yeni siyasi tarazlıq axtarışının mühüm elementidir.
Bakıda aparılan danışıqlarda diqqət çəkən başqa bir mühüm məqam isə iqtisadi əməkdaşlığın genişlənməsidir. Prezident İlham Əliyevin açıqlamasına görə, hazırda Azərbaycanda təxminən 130 İtaliya şirkəti fəaliyyət göstərir. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur bölgələrində İtaliya şirkətləri 23 layihədə iştirak edir. Həmçinin hərbi-texniki əməkdaşlıq, birgə istehsal və texnologiya transferi istiqamətində konkret ideyaların müzakirə olunması göstərir ki, münasibətlər artıq klassik enerji tərəfdaşlığını aşaraq daha geniş strateji məzmun qazanır.
Bu mənada Corcia Meloninin Bakı səfəri bir neçə mühüm mesaj verir.
1.) İtaliya Azərbaycanı Cənubi Qafqazın əsas strateji aktorlarından biri kimi qəbul edir.
2.) Avropanın yeni siyasi və iqtisadi reallıqları Azərbaycansız tam formalaşa bilməz.
3.) Bakı ilə Roma arasındakı münasibətlər gələcəkdə yalnız enerji deyil; nəqliyyat, müdafiə sənayesi, yenidənqurma və regional təhlükəsizlik sahələrində də dərinləşə bilər.
Nəticə etibarilə, Corcia Meloninin Azərbaycana səfəri protokol xarakterli diplomatik hadisədən daha artıq məna daşıyır. Bu səfər əslində Avropa ilə Cənubi Qafqaz arasında daha realist, daha praqmatik və daha balanslı münasibətlər modelinin formalaşmasına xidmət edir. Məhz bu səbəbdən demək olar ki, Bakıda baş tutan bu görüş yalnız bu günün siyasi gündəmi üçün deyil; yaxın illərin geosiyasi arxitekturası üçün də mühüm siqnallar verir. Azərbaycanın strateji çəkisini düzgün qiymətləndirən, soyuqqanlı qərarvermə qabiliyyətinə malik Corcia Meloni bu mərhələdə Avropanın diqqətlə izlənilən gənc liderlərindən biri kimi öz mövqeyini daha da möhkəmləndirir.
Müəllif: Qəvami Sadıqbəyli

















