Rusiyanın Rostov vilayəti gecə saatlarında kütləvi dron hücumuna məruz qalıb. Hücum nəticəsində 80-dən çox pilotsuz uçuş aparatı (PUA) vurulub.
Bu barədə vilayətin qubernatoru Yuri Slyusar “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kamensk-Şaxtinski şəhərini və vilayətin səkkiz rayonunu, o cümlədən Kamenski, Şoloxovski və Verxnedonski rayonlarını hədəfə alıb.
Qubernator bildirib ki, Krasnosulinski rayonunda PUA qalıqlarının düşməsi nəticəsində yanğın başlayıb. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir.
Qeyd edək ki, Rostov vilayətində Rusiyanın cənubundakı ən böyük neft emalı müəssisəsi olan Novoşaxtinsk Neft Emalı Zavodu yerləşir. Müəssisənin illik neft emalı gücü 5,6 milyon ton təşkil edir.










